Ali məktəblərə distant təhsilin təşkili üçün lisenziya verilməlidir

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Təhsil Nazirliyi yubadır

“Sanki qəsdən inkişafa can atan universitetləri arxadan tutub saxlayır, rəqabətli mühitin formalaşmasının qarşısını alırlar”

  Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində tədrisin distant (məsafədən) formada təşkil olunacağı haqqında qərar verib.
Bu qərar ölkədə distant təhsilə keçid mövzusunu yenidən gündəmə gətirib.
  Dünya ölkələri ötən əsrin 60-ci illərindən etibarən distant təhsil xidməti göstərirlər və bundan çox böyük gəlir əldə edirlər. Bu təhsil forması yeni olsa da, artıq bir çox dünya ölkələrində istifadə olunur. Hətta bəzi təhsil mütəxəssislərinin fikrincə, gələcəyin təlim-tədris forması məhz distant təhsildir.
  Distant təhsil, ümumiyyətlə, hər hansı təhsil almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməzdir. Bu, təhsili hamı üçün əlçatan edir.
Hesab olunur ki, distant təhsil vaxtının çoxunu işdə, uşaqlarla və ya ailəsi ilə keçirən insanlar üçün yeni biliklər və bacarıqlar əldə etmək üçün yeganə mümkün vasitədir. Hər hansı şəxs işini itirmək qorxusu olmadan və işdən ayrılmadan ixtisasını artırmaq və ya yeni biliklər əldə etmək imkanı əldə edir.
  Distant təhsil ilk olaraq qiyabi təhsil kimi görünsə də, əslində isə onu qiyabidən fərqləndirən xüsusiyyətləri çoxdur. Məsələn, qiyabi təhsil alan tələbələr məcburdurlar ki, ildə 1-2 dəfə daimi yaşadığı yerdən məktəbə gəlsin, mühazirəyə qulaq assın, orada tapşırıqlar yerinə yetirsin. Amma distant təhsil olduqda tələbələr artıq evdə oturduqları halda bu təhsili ala biləcəklər. Əslində, qiyabi təhsillə distant təhsilin oxşar cəhətləri olsa da, bir çox fərqlilikləri var. Belə ki, qiyabi təhsildən fərqli olaraq distant təhsil internet vasitəsilə keçirilir. İnformasiya texnologiyalarının təhsildə ən mühüm əhəmiyyətlərindən biri də elə budur.
Qeyd edək ki, Azərbaycanda distant təhsil “Təhsil haqqında” yeni Qanunun təsdiq edildiyi 19 iyun 2009-cu il sənədində təsbit olunur. 2020-ci ildəki pandemiya sonrası ölkəmizdə də distant təhsilə keçid prosesi daha da sürətləndi, bu formanın önəmli olduğunu sübut etdi.
Mövzu ilə bağlı fikirlərini paylaşan ekspertlər qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq, hökumət indiyədək də distant formada təhsilin təşkili qaydalarını təsdiq etməyib. Bu təhsil forması qanunvericilikdə nəzərdə tutulsa da, Nazirlər Kabineti bu formada təhsil alanların diplomlarını tanımır.
  Uzun illərdir ki, ölkədə bir neçə universitet bu təhsil xidmətinin formalaşması üçün investisiyalar yatırıb, mərkəzlər qurub, kadrlar və rəqəmsal resurslar hazırlayıb. Amma ETN və hökumət hansısa naməlum səbəblərdən bu qaydaları təsdiqləmək istəmir.
Bu səbəbdən də universitetlər bu xidmətləri təqdim etməklə əlavə resurslar qazanmaqdan məhrum olur, təhsil xidmətlərinə əlçatanlıq yetərli olmur, bu formada təhsil almaq imkanları olanların hüquqları məhdudlaşdırılır, ölkənin təhsil sektorunda rəqabətli mühitin inkişafı ləngiyir və s.
Yenə də özümüzdə distant təhsil alanların diplomlarını ETN tanıyacaq, amma xaricdə tanınmış universitetlərdə distant formada oxuyanların diplomlarını tanımayaq.
  Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz “Sherg.az"a açıqlamasında distant təhsil formasının tətbiqi ilə bağlı normativ sənədlərin hələ də təsdiqlənməməsini xoşagəlməz hal kimi dəyərləndirib:

“10 ildən çoxdur ki, qanunda bu məsələ öz əksini tapıb, üstəgəl, pandemiya zamanı ölkədə bir ildən artıq bütün tədris prosesi distant formada aparılıb.
  Dördüncü sənaye inqilabının, rəqəmsal transformasiyanın çağırışları bu tip problemlərin həllini tələb edir. İnsanlar iş yerlərindən ayrılmadan, məsafədən asılı olmayaraq, daha asan, effektiv yollarla təhsil almaq istəyirlər.
Bu məsələnin həlli üçün ilk növbədə Nazirlər Kabineti distant formada təhsilin təşkili Qaydalarını təsdiq etməlidir. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi distant təhsilin təşkili üçün zəruri olan hüquqi sənədləri qaydaya salmalıdır.
Rəqabətli mühitin formalaşması ləngiyir, təhsil xidmətlərinə əlçatanlığın qarşısı alınır, əlavə təhsil xidmətlərinin qarşısı alınır və s.
Elə universitetlər var ki, bu sahəyə, distant mərkəzin yaranmasına, kontentin rəqəmsallaşmasına və müəllim hazırlığına xeyli investisiya yatırıblar.
Onlar bu investisiyanı necə doğruldacaqlar? Distanta yol verməməklə biz imkanı olan universitetləri əlavə pullar qazanmaqdan, inkişafdan, beynəlxalq platformalara qoşulmaqdan məhrum edirik”.
  Ekspertin sözlərinə görə, sanki qəsdən inkişafa can atan universitetləri arxadan tutub saxlayır, rəqabətli mühitin formalaşmasının qarşısını alırlar: 
“Təhsil Nazirliyi və digər aidiyyəti orqanlar nəhayət ki, bu problemin həllinə diqqət yetirməli, bu istiqamətdə səylərini gücləndirməlidir. TN tez bir zamanda xaricdə təhsil alanların sənədlərinin tanınması ilə bağlı tətbiq edilən "distant" məhdudiyyətini aradan qaldırmalıdır.
Daha çox vaxt itirmədən distantla bağlı normativ sənədlər qəbul edilməli, şəraiti olan universitetlərə distant təhsilin təşkili üçün lisenziya verilməlidir. DİM əyani və qiyabi ilə yanaşı, universitetlərə distant formada qəbul planını da açıqlamalıdır”.

  Təhsil eksperti Nadir İsrafilov distant təhsilin “Təhsil haqqında” qanunda təhsilalma formalarından biri kimi təsbit olunduğunu xatırladıb. O deyib ki, biz buna lazımi səviyyədə diqqət yetirmirik və hətta universitetlərin belə distant təhsilə keçməsini reallaşdırmalıyıq:
“Distant təhsil yalnız COVID-19 pandemiyası dövründə yada düşdü. Artıq bir neçə ildir ki, bu təcrübə bir çox ölkələrdə geniş tətbiq olunur və böyük təcrübə qazanılır. Üstəlik, əlverişli imkanlar yaradılır və ən müasir texnologiyalarla təchiz olunur. Hazırda internet əsrində yaşayırıq və dünyada qloballaşma gedir. Bu baxımdan da distant təhsil çox sərfəlidir. Dərsə getmədən və əlavə vaxt sərf etmədən təhsilə davam etmək olur. Xüsusilə də, xaricdə təhsil almaq üçün internet vasitəsilə imtahanlara hazırlaşmaq, istənilən xarici universitetə qəbul olmaq, ora getmədən yaşadığı ünvanda dərslərə hazırlaşmaq, oxumaq və diplom almaq mümkündür”.