Almaniya Prezidenti Azərbaycana yüksək qiymət verdi: “Sabitlik adası” adlandırdı

  • Fikrət Sadıqov: “Azərbaycan-Almaniya münasibətləri artıq enerji ilə məhdudlaşmır”

İyulun 21-də Berlində Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüş keçirib.

Tərəflər ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini, iqtisadi və enerji sahəsində əlaqələrin inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq gündəmdə yer alan məsələləri müzakirə ediblər. Görüş Azərbaycan ilə Almaniya arasında siyasi dialoqun genişlənməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi baxımından diqqət çəkən hadisə kimi qiymətləndirilir. 

Politoloq Fikrət Sadıqov Sherg.az-a Azərbaycan-Almaniya münasibətlərindən danışıb:

"Almaniya Prezidenti Frank-Valter Ştaynmayer həm Almaniyanı, həm də Azərbaycanı "sabitlik adası" kimi xarakterizə etdi. Bu, Azərbaycanın siyasi sabitliyinə, eləcə də həyata keçirdiyi siyasi və diplomatik xəttə verilən yüksək qiymətdir.

Hazırda Azərbaycan-Almaniya münasibətləri normal və inkişaf edən səviyyədədir. Müxtəlif sahələrdə, o cümlədən iqtisadi istiqamətdə mühüm nəticələr əldə olunub. Ticarət dövriyyəsi də hər iki tərəfi qane edən səviyyədədir.

Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan-Almaniya münasibətləri artıq təkcə enerji sahəsi ilə məhdudlaşmır. Əməkdaşlıq sənaye, logistika və digər istiqamətləri də əhatə edir. Avropa enerji mənbələrinin şaxələndirilməsində maraqlıdır. Almaniya bu prosesdə Avropa İttifaqının aparıcı, lokomotiv dövləti kimi çıxış edir. Bu isə təbii olaraq Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də müsbət təsir göstərəcək".

Analitik qeyd edib ki, hazırda Azərbaycanda 250-dən çox Almaniya şirkəti fəaliyyət göstərir:

"Onlar inşaat, logistika, enerji və digər sahələrdə çalışırlar. Bu da göstərir ki, ikitərəfli münasibətlər yaxın gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək.

Təbii ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı bir sıra məsələlər dəqiqləşdiriləcək. Çox güman ki, müəyyən razılaşmalar əldə olunacaq. Dövlət başçısının bu səfəri Azərbaycan-Almaniya münasibətlərinin daha da yüksək səviyyəyə yüksəlməsinə töhfə verəcək".