Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - Səməd Seyidov

"Qətnamənin qəbul olunub-olunmamasından asılı olmayaraq, Avropa rəsmilərinin yenə də ölkəmizlə əməkdaşlıq əlaqələrini gücləndirməyə can atdıqlarının şahidi olacağıq"

Avropa Parlamenti şərləmə kompaniyasına start verib. Qurum bu dəfə, Ermənistana dəstək şüarı altında, “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə layihəsini müzakirəyə çıxarıb. Qətnamənin 13-14-cü bəndlərində Azərbaycana qarşı əsassız ittihamlara yer verilib.

Milli Məclisin və Qərbi Azərbaycan İcmasının etirazına baxmayaraq, onlar mərhələli şəkildə ölkəmizə qarşı 10-dan artıq qətnamənin müəllifi olublar. Yerli mətbuatda yayılan məlumatlar isə diqqəti bu məsələ üzərində cəmləyib. Etibarlı mənbənin Trend-ə verdiyi informasiyaya görə, rəsmi Bakı Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinə cavab olaraq, qurumla münasibətləri dayandıra bilər.

Mövzu ilə bağlı millət vəkili, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Sherg.az-a bildirib ki, müzakirəyə çıxarılan qanun layihəsində Azərbaycana qarşı tamamilə haqsız və yersiz ittihamlar öz əksini tapıb:

“Avropa Parlamenti birinci dəfə deyil ki, bu cür hərəkətlər sərgiləyir. Son aylar, dünya liderlərinin Azərbaycana səfərlərinin intensivləşməsi və ölkənin beynəlxalq aləmdə nüfuzunun artması bəzi dairələrdə qıcıq doğurur. Məhz buna görə Avropa Parlamenti məkrli fəaliyyətindən əl çəkmək istəmir. Bunun arxasında kimlərin dayandığı Azərbaycana gün kimi aydındır. Korrupsiyaya uğrayan və erməni lobisinin əlində alətə çevrilən qurumdan obyektiv mövqe gözləmək çətindir”. 

Deputat proseslərin arxasında Erməni diasporunun dayandığını açıqlayıb:

“Onların təsiri altında Niderland, Belçika və Brüsseldə ayaq tutan erməni lobbiləri öz vətənlərinin belə maraqlarını nəzərə almır, regionda sülh istəmirlər. Buna görə də gücləri Azərbayacana böhtan atmağa çatır. Artıq belə bir qurumla əməkdaşlıq əlaqələrini davam etdirmək mənasızdır. Qətnamənin qəbul olunub-olunmamasından asılı olmayaraq, Avropa rəsmilərinin yenə də ölkəmizlə əməkdaşlıq əlaqələrini gücləndirməyə can atdıqlarının şahidi olacağıq. Parlamanet həmin layihəni qəbul etməklə, bir daha, erməni lobbisi qarşısında aciz olduğunu göstərəcək”.