"Tramp dövrü Gürcüstan üçün bir növ “praktiki əməkdaşlıq şablonu” kimi dəyərləndirilir”
Gürcüstanın ABŞ-la münasibətlərində yeni mərhələnin konturları formalaşır. Rəsmi Tbilisi Vaşinqtonla strateji tərəfdaşlığın bərpasını prioritet istiqamət kimi müəyyənləşdirərək, bu xətt üzrə intensiv diplomatik təmasları davam etdirir. Xarici işlər naziri Maka Boçorişvili-nin açıqlamaları göstərir ki, tərəflər arasında gündəlik rejimdə əməkdaşlıq mövcuddur və münasibətlərin dərinləşdirilməsi üçün siyasi iradə qorunub saxlanılır. Bununla yanaşı, Tbilisi əvvəlki dövrdə formalaşmış yanaşmalara tənqidi mövqe sərgiləyir. Xüsusilə Co Bayden administrasiyasının Gürcüstana münasibətdə qəbul etdiyi qərarlar rəsmi dairələr tərəfindən “ədalətsiz” kimi qiymətləndirilir. Gürcü tərəfi hesab edir ki, regionda etibarlı tərəfdaş olmasına baxmayaraq, belə yanaşma ikitərəfli münasibətlərin potensialına uyğun gəlməyib və müəyyən etimad boşluğu yaradıb. Digər tərəfdən, Donald Tramp dövründə ABŞ-ın Gürcüstana yanaşmasında müşahidə olunan fərqli xətt xüsusi vurğulanır. Rəsmi Tbilisi bu mərhələni münasibətlərdə daha praqmatik və konstruktiv yanaşma kimi dəyərləndirir və hazırkı dinamikanın yeni imkanlar açdığını qeyd edir. Bu isə onu göstərir ki, Gürcüstan ABŞ-la əməkdaşlığı yalnız siyasi deyil, həm də təhlükəsizlik və iqtisadi müstəvidə genişləndirmək niyyətindədir.
Prosesləri dəyərləndirən politoloq Tural İsmayılov Sherg.az-a söyləyib ki, Maka Boçorişvilinin açıqlamaları ABŞ-Gürcüstan münasibətlərində yeni mərhələnin konturlarının artıq formalaşdığını göstərir və bu mərhələni “korreksiya və yenidən balanslaşdırma” dövrü kimi xarakterizə etmək daha doğru olar:

“Rəsmi Tbilisi əvvəlki dövrdə yaranmış etimad boşluğunu aradan qaldırmaqla yanaşı, münasibətləri daha institusional və dayanıqlı müstəviyə keçirmək niyyətindədir. Burada əsas məqam sadəcə əməkdaşlığın bərpası deyil, onun keyfiyyətcə yenilənməsidir. Gürcüstan açıq şəkildə mesaj verir ki, o, regionda ABŞ üçün təsadüfi tərəfdaş yox, strateji dayaqlardan biri olmaq iddiasındadır və bu statusun real siyasi davranışlarla təsdiqlənməsini gözləyir. Bu yanaşma əslində Tbilisinin xarici siyasətində daha praqmatik xəttə keçidin göstəricisidir. Əgər əvvəlki mərhələdə münasibətlər daha çox normativ dəyərlər üzərində qurulurdusa, indi təhlükəsizlik, iqtisadi inteqrasiya və regional sabitlik kimi konkret maraqlar ön plana çıxır. Gündəlik rejimdə davam edən təmaslar da onu göstərir ki, tərəflər münasibətləri simvolik səviyyədən çıxarıb real mexanizmlərlə işləyən əməkdaşlıq modelinə çevirmək istəyir. Məhz bu yanaşma Tbilisi üçün münasibətlərdə çeviklik və konkret nəticələr əldə etmək baxımından daha əlverişli hesab edilir. Bu kontekstdə Tramp dövrü Gürcüstan üçün bir növ “praktiki əməkdaşlıq şablonu” kimi dəyərləndirilir”.
Analitik bildirib ki, bu xəttin davamı olaraq gələcək perspektivdə bir neçə mühüm imkan önə çıxır:
“İlk növbədə, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsi-xüsusilə Qara dəniz regionunda Gürcüstanın geosiyasi əhəmiyyətini artırır. Paralel olaraq, iqtisadi sahədə ABŞ investisiyalarının genişlənməsi və enerji-logistika layihələrində iştirak imkanları Tbilisinin regional tranzit rolunu gücləndirə bilər. Ən vacibi isə odur ki, münasibətlər daha praqmatik çərçivəyə keçdikcə tərəflər arasında gözləntilər də daha real olur və bu, uzunmüddətli sabit tərəfdaşlıq üçün daha sağlam zəmin yaradır. Nəticədə, formalaşan yeni mərhələ klassik “strateji tərəfdaşlıq” ritorikasından fərqli olaraq, daha çox konkret maraqlara, qarşılıqlı faydaya və siyasi realizmə söykənən münasibətlər modelinə keçidi ifadə edir. Bu isə Gürcüstan üçün təkcə ABŞ-la əlaqələrin bərpası deyil, həm də öz xarici siyasətində daha müstəqil və hesablanmış kurs qurmaq imkanı deməkdir”.