"İrana qarşı hücumlar beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozulmasıdır"
Rusiya Yaxın Şərqdə artan gərginlik fonunda hərbi əməliyyatların dayandırılmasına çağırıb. Moskvanın mövqeyini açıqlayan Sergey Lavrov regionda davam edən müharibənin nəticələrinin artıq bütün Yaxın Şərqə yayıldığını bildirib. Onun sözlərinə görə, İrana qarşı həyata keçirilən əməliyyatların təsiri genişmiqyaslıdır və vəziyyət daha da kəskinləşə bilər.
Lavrov eyni zamanda vurğulayıb ki, Rusiya birtərəfli sanksiyaların tətbiqini dəstəkləmir və bunu öz diplomatik metodu hesab etmir. O, münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmağa və siyasi-diplomatik həll yollarına üstünlük verməyə çağırıb.
Siyasi şərhçi Elçin Alıoğlu "Sherg.az"a deyib ki, Azərbaycanda cəmiyyətin bir kəsmi baş verən hadisələrlə bağlı çox yanlış mövqedədir:
“İran İslami Respublikasına qarşı edilən hücumlar, gedən müharibə və hərbi əməliyyatlar beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozulmasıdır. Heç nə dinc, günahsız insanların qətlə yetirilməsinə haqq qazandıra bilməz. İranda qızlar üçün məktəbin vurulması, nəticədə 165 şagirdin ölümü dəhşətli bir cinayətdir. Və bu cinayəti işləyənlər mütləq şəkildə ədalət məhkəməsi qarşısında cavab verməlidir”.
Analitik qeyd edib ki, İranın raket , nüvə zənginləşdirmə proqramı İranın daxili işi və suveren hüququdur:
“Heç bir dövlətin ixtiyarı yoxdur ki, başqa dövlətə qətliyyətlə, ultimativ şəkildə bəyan edilsin ki, bu və digər proqramdan, tədqiqatdan əl çəksin. İran dəfələrlə bəyan edir ki, onun nüvə silahı ilə əlbətlik niyyəti yoxdur və buna can atmır. İkinci bir məsələ, İran İslam Respublikasında mövcud olan idarəetmə və hakimiyyət sistemi ilə bağlıdır. Bu sistemdə insan haqlarının total və kütləvi şəkildə pozulması, 1979-cu ildən bu yana İranda milyonlarla azərbaycanlının hüquqlarının tapdanılması baş verib. Çox ciddi problemlər qovşağı yaranıb və bu problemlərin hərbi yolla həlli mümkünsüzdür”.
Ekspert bildirib ki, Rusiyanın narahatlğını anlayır:
“Lakin qanlı və işğalçı müharibə aparan, Ukrayna xalqının məhvinə çalışan, uşaqlara, xəstəxanalara və məktəblərə hücum edən bir dövlətin belə fikir səsləndirməsi də maraqlıdır. Rusiya insan hüquqları və müharibə qanunlarından danışacaq ən axırıncı dövlətdir. Çünki artıq 4 ildir ki, müharibə qanunlarını pozur və Ukrayna xalqına, onun azadlığına, suverenliyinə qarşı işğalçı savaş aparır”.
E.Alıoğlunun sözlərinə görə Yaxın Şərqdə yaşananlar hamı üçün təhlükədir:
“O cümlədən də Azərbaycan üçün ciddi risklər və çağırışlar deməkdir. Azərbaycan nə İranın tərəfindədir, nə İrana qarşı olan qüvvələrin tərəfindədir. Biz İrana qarşı olan müharibənin dərhal dayandırılmasını və bütün problemlərin danışıqlar yolu ilə həllini tələb edirik. Çünki müharibə çıxış yolu deyil, diplomatiyanın səyləri tükənəndə müharibə başlayır. Ancaq belə olmamalıdır. Gördüyünüz kimi, müharibəyə təkcə İran cəlb olunmur. İran 9 ölkədəki hədəfləri vurub. Digər tərəfdən İran səması bütünlüklə ABŞ və İsrail təyyarilərinin, o cümlədən digər hərbi aparatların nəzarətindədir. Bu heç də yaxşı nəticələr vəd etmir. Ona görə də davam edən vəziyyət dərhal dayandırılmalıdır”.