Azərbaycan-Çexiya münasibətləri real siyasi məzmun qazandı - ŞƏRH

"Bu proseslər Azərbaycanın Avropa ilə münasibətlərində də daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşmanın formalaşdığını göstərir"

Dünya liderlərinin bir-birinin ardınca Azərbaycana səfəri ölkəmizin regional roluna və artan nüfuzuna bir daha diqqət çəkir. Latviya və Ukrayna prezidentlərinin ötən həftə Azərbaycana reallaşan səfərlərindən sonra Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizdədir.

Bu səfərlər Avropa İttifaqı ölkələrinin Azərbaycana artan marağını və ölkənin regionda strateji mövqeyini göstərir. Azərbaycan həm enerji təhlükəsizliyi baxımından mühüm təchizatçı, həm də Orta Dəhliz üzərində əsas tranzit ölkələrdən biri kimi çıxış edir. Avropa ölkələri xüsusilə Rusiya qazından asılılığın azaldılması, enerji mənbələrinin şaxələndirilməsi və nəqliyyat-logistika marşrutlarının gücləndirilməsi baxımından Azərbaycanla əməkdaşlığa önəm verir. Bu tendensiyanın gələcək illərdə daha da güclənəcəyi və Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə keçəcəyi gözlənilir. Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndiyini göstərən mühüm mesajdır. Qeyd edək ki, Çexiya Baş nazirinin səfərini müşayiət edən geniş biznes heyəti bu səfərin əsas prioritetlərindən birinin iqtisadi əməkdaşlıq olduğunu göstərir. Səfərin əsas istiqaməti iqtisadi və biznes əməkdaşlığının genişləndirilməsidir. Xüsusilə enerji, ticarət, investisiya və logistika sahələrində müzakirələr aparılır. Səfərdə Çexiya hökumət rəsmiləri və bir sıra iri şirkətlərin nümayəndələri iştirak edir. Statistik göstəricilərə görə, 2025-ci ildə Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsi 1.2 milyard ABŞ dollarına çatıb və bu, rekord göstərici hesab olunur. Azərbaycanın Çexiyaya ixracı 744.81 milyon dollar, Çexiyanın Azərbaycana ixracı isə 327.91 milyon dollar olub. 2026-cı ilin ilk üç ayında Azərbaycan neft və neft məhsullarının Çexiyaya ixracı 355.500 ton təşkil edib və bunun dəyəri 184.3 milyon dollar olub.  Səfərin əsas məqsədi qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi və yeni investisiyaların cəlb olunmasıdır. 

Siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a bildirib ki, Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri və Qəbələdə Prezident İlham Əliyevlə keçirilən görüş mühüm əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilə bilər. Politoloq qeyd edib ki, Azərbaycan ilə Çexiya arasında münasibətlər artıq ənənəvi əməkdaşlıq çərçivəsini aşaraq daha dərin strateji xarakter almaqdadır:

“Prezident İlham Əliyevin bəyanatında vurğulanan əsas məqamlardan biri iki ölkə arasında fəal siyasi dialoqun mövcudluğudur. Bu, təsadüfi açıqlama deyil. Çünki hazırkı mürəkkəb geosiyasi şəraitdə qarşılıqlı etimad üzərində qurulan dialoq dövlətlərarası münasibətlərin dayanıqlığını müəyyən edən başlıca amildir. Regional təhlükəsizlik, Avropa enerji təhlükəsizliyi, ikitərəfli iqtisadi münasibətlər və qlobal gündəmdə yer alan məsələlər ətrafında aparılan müzakirələr Azərbaycan-Çexiya münasibətlərinin yalnız protokol xarakteri daşımadığını, real siyasi məzmun qazandığını nümayiş etdirir”.

Çexiyanın Azərbaycanın Avropadakı etibarlı tərəfdaşı olduğunu xatırladan M. Əsədullazadə iki dövlət arasındakı əlaqələrin uzun müddətdir strateji tərəfdaş səviyyəsində davam etdiyini xatırladıb:

“İki ölkə konfedensial strateji tərəfdaşlığı uzunmüddət davam etdirib. Xüsusilə, Ermənistan -Azərbaycan münaqişəsinə görə Avropa ölkələri Azərbaycana silah satışı embarqosu tətbiq edərkən Çexiya Azərbaycanla sıx hərbi -texniki əməkdaşlıq edib. Azərbaycana "DANA" özüyeriyən artilleriya qurğuları və digər silahlar satıb. Bu gün iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq yüksək səviyyədə təmin edilməsi istiqamətində mühüm sənədlər imzalanıb. Çexiyanın Baş nazirinin Azərbaycana səfəri məhz dostluq və strateji əhəmiyyətli səfər idi”.

“Çexiya Baş nazirinin Azərbaycana səfəri fonunda aydın olur ki, Azərbaycan artıq regional deyil, daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur. Diplomatik fəallığın artması, yeni mərkəzlərin, xüsusilə Qəbələnin ön plana çıxması və iqtisadi əməkdaşlığın dərinləşməsi ölkəmizin beynəlxalq sistemdə rolunun gücləndiyini təsdiqləyir. Bu proseslər Azərbaycanın Avropa ilə münasibətlərində də daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşmanın formalaşdığını göstərir. Eyni zamanda, enerji təhlükəsizliyi, alternativ təchizat marşrutları və yaşıl enerji gündəliyi kimi istiqamətlər ikitərəfli əməkdaşlığın yeni konturlarını müəyyən edir”-deyə siyasi ekspert əlavə edib.