Azərbaycan- Çexiya ticarət dövriyyəsi 800 milyon dolları keçib - ŞƏRH

"Prezident İlham Əliyevin Andrey Babişlə görüşü iqtisadi əməkdaşlıqda dönüş nöqtəsidir”

“Çex Respublikası 1990-cı illərdə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 27-də qurulub. 2015-ci ildə isə tərəflər arasında “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. Azərbaycan daim Çexiya ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verib”.  

Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Sherg.az-a aprelin 27-də Çexiyanın Baş naziri Andrey Babişin İlham Əliyev ilə Qəbələdə baş tutan görüşünü şərh edərkən bildirib: 

“Aprelin 27-si Bakı ilə Praqa arasında ikitərəfli münasibətlərin inkişafında mühüm hadisə kimi tarixə düşdü. Çex Respublikasının Baş naziri ilə Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat, iki ölkə arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının mövcud vəziyyətinə dair mühüm mesajları əks etdirib. Dövlət başçımızın bəyanatında, Azərbaycan ilə Çexiya arasında siyasi dialoqun yüksək səviyyədə inkişaf etdiyi, xüsusilə də üç ay əvvəl Davosda keçirilən ilk görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunub”. 

Deputatın sözlərinə görə, tərəflər arasında əsas müzakirə mövzusu iqtisadi inkişaf olub:

“Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsi artıq 800 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud ticarət strukturunda əsas payı, Azərbaycan neftinin ixracı təşkil edir. Tərəflər bu strukturu daha balanslı hala gətirmək niyyətindədir. Ona görə də hər iki ölkə, yeni iqtisadi layihələrin həyata keçirilməsi və biznes əlaqələrinin genişləndirilməsi kimi məsələləri prioritet istiqamət olaraq müəyyən ediblər. Təsadüfü deyil ki, 2023-cü ildə Çexiya Avropada Azərbaycanın 6-cı ən böyük ticarət tərəfdaşı və 5-ci ən böyük ixrac məntəqəsi olub”.

P. Vəliyeva vurğulayıb ki, energetika sahəsi də Azərbaycan-Çexiya əməkdaşlığının əsas sütunlarından birini təşkil edir:

“Azərbaycan nefti Praqanın enerji balansında mühüm yer tutur. Tərəflər sənaye, texnologiyalar, nəqliyyat, alternativ enerji və yaşıl iqtisadiyyat sahələrində birgə layihələrin həyata keçirilməsində maraqlıdır. Bir sözlə, Qəbələdə keçirilən görüş Azərbaycan-Çexiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Prezidentimizin çıxışı iki ölkə arasında siyasi etimadın yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu və enerji sahəsində strateji tərəfdaşlığın daha da möhkəmləndiriləcəyini ortaya qoydu”.