Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər- ŞƏRH

Politoloq: "Ukrayna və Rusiya sülh masasına oturmalıdır, əks halda vəziyyət çıxılmaz olacaq”

Ötən il Rusiyanın təcavüz cinayətlərinin araşdırılması məqsədilə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa Şurasının təşəbbüsü əsasında yaradılan “Xüsusi Tribunal” yenidən müzakirə mövzusuna çevrilib. Qurumun fəaliyyəti beynəlxalq hüquqda cəzasızlıq prinsipinin zəiflədilməsi və oxşar halların qarşısının alınması baxımından vacib hesab olunur.

Artıq Avropa Şurasının 18 üzv dövləti təşəbbüsə qoşulub. Ötən gün Fransanın quruma qatıldığını təsdiqləməsi isə Ukraynanın rəsmi dairələri tərəfindən sevinclə qarşılanıb. Hadisədən sonra, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bütün dövlətləri tarixi prosesə qoşulmağa çağırıb. “Xüsusi tribunal” araşdırmalara əsasən sübutlar toplayıb, Ukraynaya qarşı törədilən təcavüzkar əməllərə görə ittiham aktları hazırlayacaq. Sənəd yaxın zamanda Avropa Şurasında səsverməyə çıxarılacaq. Təşəbbüsün Rusiya-Ukrayna arasında danışıqların canlandığı dövrdə gündəmə gəlməsi, müharibənin taleyi ilə bağlı narahatlığı artırıb.

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, mövcud beynəlxalq nizam əvvəlki təsir gücünü itirməyə başlayıb:

“Hegemon ölkələr tədricən insan hüquqları və müharibə qaydalarını tanımadan hərəkət edirlər. Rusiyanın təcavüz siyasətinə qarşı Ukrayna ilə birlikdə təşəbbüs irəli sürən Avropa İttifaqı, vaxtilə Ermənistanın törətdiyi cinayətlərə qarşı da bu cür cəsarətli mövqe sərgiləməli idi. Azərbaycan illərlə haqq səsini Avropanın siyasi dairələrinə çatdırmağa çalışıb. Bölgəmizdə ədalətin bərpasına yalnız məğrur ordumuzun gücü sayəsində nail olduq”. 

Politoloqun sözlərinə görə, Ukrayna Rusiyanın təcavüzünə məruz qalan ölkələrdən biri olsa da, yürütdüyü strategiya onu geriyə saldı:

“Müharibənin qızğın dönəmində “təcavüz cinayəti”nin araşdırılması uyğun vaxtda təşkil olunmayıb. Hazırda Kiyev, Moskva ilə ortaq yol tapıb, sülh sənədi imzalamalıdır. Əks halda müharibə uzandıqca vəziyyət daha da çıxılmaz hala düşəcək. Ukrayna ilk növbədə atəşkəs üçün etimad formalaşdırmalıdır. Rusiyaya qarşı birləşmək, Putini danışıqlardan uzalaşdıracaq”. 

Analitik qeyd edib ki, tərəflər 3-cü ölkə olmadan ikitərəfli danışıqlar masasında əyləşərək, mübahisəli məsələlərə həll yolu tapmalıdır:

“Buna nümunə kimi Azərbaycan və Ermənistan arasındakı vəziyyəti göstərmək olar. Tərəflər “ikitərəfli görüş” formatında daha tez kompromisə gəlmək imkanına malik olurlar. Aləmin qarışdığı dövrdə “kriminal qurum” yaratmağın mənası yoxdur. Hazırda Avropa İttifaqı, Ukrayna üçün nəzərdə tutulan yardım paketini məhdudlaşdırmaqla, onun üstünlüyünü zəiflətməyə çalışır. Avropa İttifaqının siyasi xəttində də müəmmalı məqamlar var”. 

T.Abbasovun fikrincə, müharibədə ən çox itirən tərəf tərəf Ukraynadır:

“Maraqlar naminə başlayan müharibə hər iki ölkənin genefonduna bərpası mümkün olmayan zərər vurur. Rusiyanın bu müharibəyə "Xüsusi hərbi əməliyyat" adı altında başlamağının pərdəarxasında da sirli məqamlar dayanır. Avropa İttifaqının bəzi ölkələri 2012-cü ildən etibarən Ukraynanı planlı şəkildə müharibəyə hazırlayırdılar”.

Ekspert iddia edir ki, Rusiyanın “güclü” imicini sarsıdan Ukrayna ordusu Qərbin hazırladığı peşəkar hərbi kadrlardan formalaşıb:

“Hətta Ukrayna silahlı qüvvələrinin Rusiyanın qərbində yerləşən Kursk vilayətinə daxil olması, Moskvanın siyasi dairələrində onların işğalçı planlar güddüyü barədə fikirlərin yaranmasına səbəb olub. Ukraynanın bu addımı Rusiyaya qarşı irəli sürülən ittihamların əsasını zəiflətdi. Hazırki şəraitdə Ukrayna Rusiyanın işğalçılıq siyasətindən bəhs edərkən, öz addımlarına da nəzər salmalıdır”. 

Politoloqun fikrincə, Ukrayna ordusu Rusiyaya daxil olmasaydı, yaradılan tribunalı dəstəkləmək əsaslı görünərdi:

“Sabah Moskva da Ukraynanın işğalçılıq siyasətinə qarşı qurum yarada bilər. Avropa İttifaqının 18 ölkəsinin “Xüsusi Tribunal”a qoşulmasına baxmayaraq, təşəbbüs ayaq tutub yeriyən deyil. Problemlərin həlli üçün cinayət aktlarını araşdırmaqdan daha çox, günahsız insanların qurban getməsinin qarşısını almaq vacibdir”.