Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət

  • “Dünən bizi düşmən görənlər artıq dost olmağa can atırlar”

Prezident İlham Əliyevin paytaxtımızda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarını qəbul edərkən söylədiyi nitq dünyanın hazırkı mənzərəsini və Azərbaycanın təkcə dünyanın fiziki xəritəsində deyil, siyasi xəritəsində də tutduğu yeri və mövqeyi gözlər önünə sərdi.

Çıxışı zamanı qlobal məsələlərə toxunan cənab Prezident uzun illər Azərbaycanın ədalətsizliklərlə üzləşdiyini, lakin öz gücü və qüdrəti sayəsində işğala son qoyaraq ədaləti bərpa etdiyini bildirdi. Prezident qeyd etdi ki, indi yeri gəldi-gəlmədi, hansısa dövlətlərə sanksiyalar qoyulur. Amma Ermənistan Azərbaycan ərazilərinin 20 faizini 30 ilə yaxın müddətdə işğal altında saxladı, 700 min insan yurd-yuvasından didərgin salındı, 250 min azərbaycanlı tarixi torpaqlarından – indiki Ermənistandan qovuldu, separatçılar hər yeri dağıtdılar, şəhərləri viran qoydular, amma Ermənistana sanksiya tətbiq edilmədi.

Deməli, burada ikili standartlardan çıxış edilib. Aydın məsələdir ki, bu ikili standartlar Qərbdən gəlir. İndi də Qərb institutları ikili standart siyasətlərini davam etdirirlər. İstər Avropa Şurası olsun, istər ATƏT, istərsə də Avropa İttifaqı.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, biz xalq olaraq onilliklər ərzində Avropanın, Qərbin, bütövlükdə dünyanın ikili standartlarının əziyyətini çəkmişik:

– Azərbaycan torpaqları Prezidentin də qeyd etdiyi kimi, işğal altında olub, yurd-yuvalarımız darmadağın edilib, məscidlərimiz təhqirə məruz qalıb, məscidlərdə donuz və heyvan saxlayıblar. Bütün bunlara baxmayaraq, nəinki Qərbdən, dünyanın xristian kəsimindən, hətta müsəlman aləmindən belə yetərincə dəstək görməmişik.

Elə qonşu İran – müsəlman, özü də rəsmi olaraq İslam dövləti olan İran – bu məsələlərdə birmənalı şəkildə Ermənistanın yanında olub, onilliklər ərzində ədalətsizliyi dəstəkləyib. Halbuki müsəlman olaraq Azərbaycanla həmrəylik nümayiş etdirməli idi. Eləcə də başqa müsəlman dövlətləri, kiçik istisnalarla, Azərbaycanın yanında olmamaları bir yana, Azərbaycana qarşı mövqe nümayiş etdiriblər.

Biz yalnız Türk dövlətlərindən dəstək görmüşük. Qardaş Türkiyə başda olmaqla, Şimali Kipr Türk Cümhuriyyəti, eyni zamanda qardaş Özbəkistan... Yeri gəlmişkən, Türk dövlətləri sırasında Özbəkistan da Azərbaycan torpaqları işğal altında olduğu dövrdə Ermənistanla diplomatik əlaqələr qurmayıb.

Ondan sonra Qazaxıstandır, Qırğızıstandır, Türkmənistandır ki, bu dövlətlər bu və ya digər şəkildə bizim yanımızda olublar. Əlavə olaraq, İslam aləmindən bizi açıq şəkildə dəstəkləyən Səudiyyə Ərəbistanını və Pakistanı görmüşük.

Halbuki dünyada 50-dən çox İslam, müsəlman ölkəsi var və onlar bir araya gəlib BMT tribunasından Azərbaycanın haqq səsinə səs vermiş olsaydılar, yəqin ki, biz bu problemi daha tez bir zamanda kökündən həll edə bilərdik.

Yəni demək istədiyim odur ki, güc Qərbdədir, imkanlar Qərbdədir, xristian aləmindədir və təəssüf olsun ki, Qərbdə islamofobiya da, türkofobiya da baş alıb gedir. Bunun fonunda Azərbaycan da onilliklər boyunca bu ədalətsizlikdən əziyyət çəkdi.

Əslinə qalanda, elə onların bu simasızlığı bizə öz qüdrətimizi göstərmək üçün də şərait yaratdı. Biz nəhayət anladıq ki, dünyada ədalət deyə bir şey yoxdur: güclüsənsə, haqlısan. Biz güclü olduq və eyni zamanda doğrudan da haqlı idik. Gücümüzlə haqlı olduğumuzu sübut etdik.

Azərbaycan gücünü və mövqeyini sərt şəkildə ortaya qoyduqdan sonra ölkəmizə dost münasibəti göstərən dövlətlərin sayı artdı. Dünən bizi düşmən kimi görənlər artıq dost olmağa can atırlar.

Bütün bu məsələlər bizim üçün bir həyat dərsidir, eyni zamanda dünya üçün də bir həyat dərsidir ki, Azərbaycan kimi dövlətləri kiçik görə bilərsiniz, amma onun qüdrəti ilə də hesablaşmaq zorundasınız.