“Azərbaycan Türk və İslam dünyasını daha sıx birləşdirir” - ŞƏRH

  • “Dini liderlərin sülh çağırışı siyasi qərarlara təsir edə bilər”

Türk və İslam dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri və beynəlxalq platformalarda fəal iştirakı diqqət çəkir. Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının keçirilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Müxtəlif ölkələrdən dini liderlərin bir araya gəldiyi tədbirdə sülh, həmrəylik və əməkdaşlıq mesajları ön plana çıxıb. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Türk və İslam dünyası arasında birləşdirici rolunu vurğulayıb və müsəlman ölkələrinin vahid ailə kimi bir araya gəlməsinin vacibliyini diqqətə çatdırıb.

Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısını böyük bir beynəlxalq tədbir kimi dəyərləndirən Prezident qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, bu gün Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının nümayəndələri, xüsusilə Dağıstandan, Çeçenistandan olan dini rəhbərlər iştirak edirlər: "Yəni bu, birliyin nümunəsidir. Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir.

Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək".

Prezident bildirib ki, bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir:

"Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik.

Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi hesab edirəm ki, təsadüfi deyil. Düzdür, bu qərar bir qədər əvvəl qəbul edilmişdir, amma, əslində, çox düzgün bir qərardır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik".

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan Sherg.az-a bildirib ki, nüfuzlu dini liderlərin sülh çağırışı siyasi proseslərə də müəyyən mənada öz müsbət təsirini göstərə bilir. O hesab edir ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin toplantısı, birgə fikir mübadiləsi və bəyanatları bu ölkələrin və xalqların ortaq milli-mənəvi dəyərlər ətrafında daha sıx birləşməsinə xidmət edir:

"Habelə, Azərbaycanın İslam həmrəyliyi və sülh quruculuğu siyasəti ölkəyə beynəlxalq miqyasda etibarlı tərəfdaş və körpü rolunu qazandırır. Bir sıra siyasi və diplomatik üstünlüklər qazandırır, etibarlı körpü rolu oynayır. Azərbaycan ümumiyyətlə, həm Qərb, həm də İslam dünyası ilə münasibətlərdə balanslaşdırılmış və müstəqil siyasət yürüdür. Ölkənin qlobal tədbirlərə, o cümlədən gələn il keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi etməsi onun diplomatik çəkisini və beynəlxalq etimadını artırır, İslam aləmindəki nüfuzunu yüksəldir.

Azərbaycan həm də Türk dünyası və İslam ölkələri arasında inteqrasiyanı dəstəkləyən lider mövqe nümayiş etdirir, bu istiqamətdə müvafiq təşəbbüslər irəli sürür. Keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərlər Şurasının 7-ci toplantısı çərçivəsində dini liderlərin sülh və barışıq mesajları milyonlarla insanın mənəvi dəyərlərinə təsir edərək cəmiyyətlərdə daha dərin həmrəylik mühitinin yaranmasına səbəb olacaq.

Eyni zamanda, radikalizmin, dindən sui-istifadə hallarının qarşısının alınmasında mühüm rol oynayacaq. Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, tolerantlıq, birgəyaşayış və mərhəmət ideyalarının təbliği gənclərin radikal axınlardan qorunmasında və tolerantlığın möhkəmlənməsində mühüm rol oynayır".

Siyasi şərhçi qeyd edir ki, dini liderlərin ardıcıl sülh çağırışları cəmiyyətdə müsbət ictimai rəy formalaşdırır və hökumətləri konstruktiv addımlar atmağa təşviq edir:

"Bu mənada dini liderlərin siyasi proseslərə müsbət qatqılarının olduğunu da deyə bilərik. Siyasi qərarların qəbulu zamanı ictimai-mənəvi sabitlik mühiti liderlərə daha qətiyyətli sülh təşəbbüsləri irəli sürmək üçün zəmin yaradır.

Azərbaycan İslam və türk mədəni irsinin ortaq daşıyıcısı olaraq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə hər zaman öncüllük edir, təşkilata üzv ölkələrin siyasi, mədəni, iqtisadi və mənəvi bağlarla daha sıx birləşməsinə çalışır.

Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi “Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir” ifadəsi əslində dini liderlərin fəaliyyətinin digər sahələrdə də iz qoymasının bariz nümunəsidir.

Prezident dini liderlərin sözünün əhəmiyyətinə vurğu edərkən “Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək” deməklə bir daha bu cür toplantıların verdiyi töhfəyə, liderlərin əhəmiyyətinə işarə etdi.

Azərbaycanın hər zaman sülhə, sabitliyə və tolerantlığa çağırdığına diqqət çəkərək “Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq” deyərək qarşıdakı görüşlərin də müjdəsini vermiş oldu.

Azərbaycan Prezidentinin dini liderlərin toplantısına və fikirlərinə xüsusi diqqət ayırması və önəm verməsi onların təmsil etdikləri dini və mənəvi dəyərlərə, həmçinin ölkələrinə böyük rəğbətin təzahürüdür".