"Azərbaycanın dronlara qarşı mübarizə sahəsində inkişafı ölkəni böyük hərbi-sənaye potensialına malik dövlətlərlə rəqabət apara biləcək səviyyəyə yüksəldə bilər”
Döyüş meydanından qalib dövlət kimi çıxan ölkələr öz hərbi gücünü və müdafiə potensialını beynəlxalq aləmdə nümayiş etdirmiş olurlar. Ermənistanın 30 il ərzində yaratdığı “yenilməz” ordu, rəşadətli Azərbaycan Ordusu qarşısında sadəcə 44 gün tab gətirə bildi.
Hazırda sülh və sabit mühitdə yaşasaq da, müasir müharibələrin dəyişən xarakteri hərbi-texniki sahənin davamlı inkişafının vacib olduğunu ön plana çıxarır. Ukrayna lideri Volodimir Zelenski Azərbaycana səfər etmədən öncə Qafqaz ölkələrinə dronlardan qorunma sahəsində əməkdaşlıq təklif edib. Təklifin tam məzmunu isə aprelin 25-də Azərbaycan və Ukrayna liderlərinin görüşü zamanı müzakirə mövzusuna çevrilib. Tərəflər dron əleyhinə mübarizə vasitələrinin istehsalı və təcrübə mübadiləsi sahəsində birgə əməkdaşlıq imkanlarının vacibliyindən bəhs ediblər.
Mövzu ilə bağlı hərbi jurnalist Rey Kərimoğlu Sherg.az-a bildirib ki, Ukrayna-Azərbaycan münasibətləri hələ Birinci Qarabağ müharibəsi dövründə qarşılıqlı dəstək və əməkdaşlıq prinsipləri əsasında inkişaf edib:
“Ukrayna həmin dönəmdə, kadrların hazırlanması prosesində Azərbayacana dəstək olub. Onlar Rusiyaya qarşı müharibədə pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması və tətbiqi sahəsində nəzərəçarpacaq dərəcədə təcrübə qazanıb. Ukrayna ildə təxminən 4-4,5 milyon dron istehsal edir. Bu göstərici bəzi hallarda NATO ölkələrinin ümumi istehsalını belə üstələyir. Ölkədə 500-dən çox şirkət dron istehsalı ilə məşğuldur”.
R. Kərimoğlunun sözlərinə görə, Azərbaycan Ukrayna ilə hərbi-texniki sahədə əməkdaşlıq qurmalı, onların mütəxəssislərinin təcrübəsindən faydalanmalıdır:
“Silahların effektiv istifadəsi üzrə təlimlərin təşkili, təlimatçı mübadiləsi və hərbi mütəxəssislər arasında qarşılıqlı təcrübə paylaşımı, Azərbaycanın müdafiə qabiliyyətinin güclənməsinə mühüm töhfə verəcək. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini və müasir hərbi imkanlarını aydın şəkildə nümayiş etdirdi. Lakin dronlara qarşı mübarizə sahəsində davamlı olaraq təkmilləşdirilmiş qurğular istehsal edilir. Bu sahənin inkişafı, Azərbaycanın müdafiə sənayesini gücləndirməklə yanaşı, ölkəni böyük hərbi-sənaye potensialına malik dövlətlərlə rəqabət apara biləcək səviyyəyə yüksəldə bilər”.