“Azərbaycan və Türkiyə qitələri birləşdirən böyük sistem formalaşdırıb” - Asim Mollazadə

  • “Çindən Avropaya yük daşımalarında Azərbaycan-Türkiyə müttəfiqliyi mühüm rol oynayır”

Azərbaycan-Türkiyə münasibətlərində siyasi və strateji əməkdaşlığın dərinləşməsi fonunda Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakıya səfəri xüsusi diqqət çəkir. Səfər çərçivəsində aparılan müzakirələr Azərbaycan-Türkiyə münasibətlərinin yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmadığını, regional və daha geniş geosiyasi proseslərə təsir edən mühüm əməkdaşlıq platformasına çevrildiyini göstərir.

Görüşlərdə Azərbaycan-Türkiyə əməkdaşlığının “bir millət, iki dövlət” prinsipi əsasında daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Enerji və nəqliyyat layihələri ilə yanaşı, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması da əsas müzakirə mövzularından olub. 

Milli Məclisin deputatı Asim Mollazadə Sherg.az-a açıqlamasında Hakan Fidanın Azərbaycana səfərini Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin regional əhəmiyyəti kontekstində qiymətləndirib. Deputat bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri “bir millət, iki dövlət” prinsipi əsasında qurulub və bu müttəfiqlik artıq böyük bir regionda siyasi və iqtisadi prosesləri müəyyənləşdirən mühüm amilə çevrilib:

“Azərbaycan və Türkiyə birlikdə qitələri birləşdirən böyük bir sistem formalaşdırıb. Bu sistemə enerji layihələri, dəmir yolları, avtomobil yolları və digər nəqliyyat infrastrukturu daxildir. Bu gün formalaşdırdığımız sistem vasitəsilə Çindən Avropaya yüklərin daşınması və təhlükəsizliyinin təmin olunmasında Azərbaycan-Türkiyə müttəfiqliyi mühüm rol oynayır. Bu prosesdə digər qardaş türk dövlətləri də iştirak edir. Turan Birliyi anlayışı Azərbaycanda yaranıb. Azərbaycanla yanaşı, Qazaxıstanın da bu sistemdə mühüm rolu var. Əslində, bu birliyin və strategiyanın əsasını Türkiyə-Azərbaycan müttəfiqliyi təşkil edir. Təbii ki, bizimlə birlikdə bu yolda irəliləyən digər qardaş ölkələr də var. Hesab edirəm ki, artıq XXI əsrin ikinci yarısına qədər uzanan dövr üçün böyük bir sistem formalaşmaqdadır. Bu sistemin gücü, potensialı və möhkəm əsası var. Əsas məsələ isə iqtisadi istiqamətdə əldə olunan bütün nailiyyətlərin xalqların rifahına və inkişafına xidmət etməsidir”.