Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH

Hikmət Babaoğlunun sözlərinə görə, İran “Mən etməmişəm” kimi bəhanələrin arxasında gizlənməməlidir

Son dövrlər, İranın qonşu ölkələrə qarşı sərgilədiyi mövqe ciddi qınaq obyektinə çevrilib. Ötən gün ictimaiyyət, İranın Türkiyəyə atdığı raketlərdən danışarkən, bu gün Naxçıvan Muxtar Respublikasının dron hücumlarına məruz qaldığının şahidi oldu. Hadisədən dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyi, İranın ölkəmizdəki səfirini çağıraraq, etiraz notası təqdim etdi. Rəsmi Bakı isə müvafiq cavab tədbirləri görmək hüququna malik olduğunu açıqladı. Bu gün məsələ ilə əlaqədar prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı, İranın bu addımını Azərbaycan dövlətinə qarşı terror aktı kimi qiymətləndirib. O, gücümüzü sınamaq istəyənlərin başının “Dəmir yumruq” vasitəsilə əzildiyini vurğulayıb. Bugünkü hadisənin də eyni nəticəni verəcəyini bildirib. Hadisə ilə əlaqədar Suriya, Gürcüstan, İsrail, Estoniya, Moldova, Niderland və Avropa İttifaqı, İranın atdığı addımları qətiyyətlə pisləyiblər.

Mövzu ilə əlaqədar Milli Məclisin deputatı Hikmət Babaoğlu Sherg.az-a bildirib ki, İranın sərgilədiyi addımlar beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir:

“Xüsusilə də Naxçıvanın dronlarla hədəfə alınması qəbuledilməzdir. Hər bir suveren dövlət kimi Azərbaycanın da öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün adekvat tədbirlər görmək hüququ var. Lakin məsələni yalnız hüquqi və hərbi aspektdən qiymətləndirmək olmaz. Bu hadisəyə Azərbaycan-İran qonşuluq münasibətləri prizmasından baxdıqda daha dərin bir mənzərə ortaya çıxır. Tarixi keçmişə nəzər saldıqda Azərbaycanın İranla münasibətlərdə hər zaman qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə sadiq qaldığını görə bilərik. Təəssüf ki, İran ölkəmizi daima düşmən kimi görüb”. 

Deputat bildirib ki, hazırda baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi:

“Rəsmi Tehran diplomatiya və siyasi müstəvidə birtərəfli mövqe nümayiş etdirsə də, təbliğat kampaniyalarında daim Cənubi Azərbaycanda yaşayan soydaşlarımızı hədəf kimi göstərirdi. Nəhayət bütün dünya İranın riyakar və nankorluq etdiyinin şahidi oldu. Azərbaycan heç vaxt öz ərazisinin İrana qarşı hərbi məqsədlərlə istifadə olunmasına imkan verməyib. Ölkəmiz İranın təhlükəsizliyi üçün əlindən gələni əsirgəməyib. Hətta ali dini lider Əli Xamnei öldürüldükdən sonra İranın qonşu ölkələrinin heç birinin rəhbəri ölkənin səfirliyinə gedərək başsağlığı vermədi. Bu addımı atan yeganə lider Azərbaycan Prezidenti oldu. Bütün bunların qarşılığında İranın sərgilədiyi mövqe, nankorluqdan başqa bir şey deyil”. 

H.Babaoğlunun sözlərinə görə, İran “Mən etməmişəm” kimi bəhanələrin arxasında gizlənməməlidir:

“Müxtəlif texnoloji vasitələr sayəsində dronların hansı ölkəyə məxsus olduğunu müəyyən etmək çətin deyil. Rəsmi Tehran qonşu ölkənin ərazisini hansı səbəbdən hədəf aldığını həm Azərbaycan Respublikasına, həm də İranda yaşayan soydaşlarımıza açıq şəkildə izah etməli və hesabat verməlidir. Çünki bu raketlər Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın vergiləri hesabına formalaşıb. Əminəm ki, İranda yaşayan azərbaycanlılar da rəsmi Tehrandan aydın izahat gözləyirlər. Azərbaycan müharibənin nə demək olduğunu yaxşı bilən, ağır sınaqlardan keçmiş dövlətdir. Azərbaycan Ordusu hər zaman vətəndaşlarının təhlükəsizliyini təmin etməyə hazırdır. Ali Baş Komandan İlham Əliyev dövlətimizin və xalqımızın maraqlarını qorumaq üçün hansı addımların nə vaxt və necə atılmalı olduğunu yaxşı bilir”.