“Legitimlik böhranının çıxış yolu yalnız yeni qurultaydır”
“Kamal Kılıçdaroğlu və Özgür Özəl ortaq qərar verərək qarşıdakı 45 gün ərzində növbədənkənar qurultay keçirə bilərlər"
Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) ciddi siyasi böhranla üzləşib. Ankara Məhkəməsinin partiyanın 2023-cü ildə keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv etməsi CHP daxilində uzun müddətdir davam edən liderlik qarşıdurmasını yenidən alovlandırıb. Qərara əsasən, partiya sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu isə müvəqqəti olaraq sədr postuna bərpa edilib.
Xatırladaq ki, CHP daxilində böhranın təməli 2023-cü ildə keçirilən qurultayda qoyulub. Həmin vaxt K.Kılıçdaroğlunun sədrlik postunu Özgür Özelə uduzması ilə partiya daxilində güc balansı dəyişmişdi. Xüsusilə Əkrəm İmamoğlu xəttinin ön plana çıxması köhnə rəhbərliyə yaxın çevrələrdə ciddi narazılıq yaratmışdı.
Ankara Məhkəməsinin son qərarı isə partiya daxilindəki böhranı dərinləşdirib. CHP rəhbərliyi bunu siyasi müdaxilə kimi qiymətləndirərək geri çəkilməyəcəyini açıqlayıb. Özgür Özəlin açıqlamalarında ən diqqət çəkən məqam onun “Mən sizə gül bağçasından gücə gedən yol vəd etmirəm. Sizə əzablara dözmək, amma heç vaxt təslim olmamaq qabiliyyəti vəd edirəm” sözləridir. Bu, onun hüquqi mübarizənin siyasi müqavimət mərhələsinə keçdiyini göstərir. Hazırda bir tərəf Kılıçdaroğlunu hakimiyyətə işləməkdə ittiham edir, digər tərəf isə partiyanın parçalanmaması üçün ortaq mövqe axtarır. Məsələn, Əkrəm İmamoğlu “mübarizədə qətiyyətliyik” mesajı ilə Özgür Özel xəttinə açıq dəstək versə də, Mansur Yavaş böhranın uzanmaması üçün yaxın aylarda yeni qurultayın keçirilməsini təklif edib. Mövcud vəziyyət isə Türkiyə müxalifətinin gələcəyi və siyasi balansın necə dəyişəcəyi ilə bağlı sualları daha da artırır.
Ankara Məhkəməsinin CHP-nin 38-ci qurultayının ləğvi ilə bağlı qərarını şərh edən ReAL Partiyasının sədri Natiq Cəfərli Sherg.az-a bildirib ki, Ankara Məhkəməsinin CHP qurultayının nəticələrini ləğv etməsi Türkiyə siyasətində ciddi siyasi zəlzələ effekti yaradıb. Onun sözlərinə görə, bu qərar hakimiyyətin hüquqi mexanizmlər vasitəsilə siyasi proseslərə müdaxiləsi kimi qiymətləndirilə bilər və belə bir vəziyyət demokratik siyasi mühit baxımından arzuolunan deyil.
N. Cəfərlinin fikrincə, mövcud böhrandan çıxış yolu CHP daxilində qarşıdurmanı dərinləşdirmək deyil, kompromis tapmaqdır: “Kamal Kılıçdaroğlu və Özgür Özəl ortaq qərar verərək qarşıdakı 45 gün ərzində növbədənkənar qurultay keçirə bilərlər. Türkiyə qanunvericiliyi və partiya nizamnaməsi buna imkan yaradır və partiya sədrinin növbədənkənar qurultay çağırmaq səlahiyyəti var.
Yalnız tam demokratik və şəffaf keçiriləcək yeni seçki CHP-də legitimlik böhranını aradan qaldıra bilər. Əks halda, tərəflər arasında razılıq əldə olunmasa, partiya daxilində parçalanma riski daha da artacaq”.
Partiya sədri hesab edir ki, CHP-nin zəifləməsi və ya bölünməsi təkcə partiyanın özü üçün deyil, ümumilikdə Türkiyə siyasəti və müxalifət düşərgəsi üçün mənfi nəticələr doğura bilər.