Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert

İranın ABŞ ilə hansısa ortaq məxrəcə gəlmək ehtimalı azdır

İran–ABŞ münasibətlərində diplomatik gərginlik yenidən artıb. İran parlamentinin üzvü Meysəm Zohorian ABŞ-la aparılan danışıqların ikinci raundunun keçirilməsinin dayandırıldığını açıqlayıb.

Deputatın sözlərinə görə, İslamabadda keçirilən danışıqların birinci mərhələsinə dair hesabatı aldıqdan sonra Müctəba Xamenei ABŞ-nin “təkəbbürlü və üstün mövqe”dən hərəkət etdiyini söyləyərək, prosesin davamından imtina edib: “ABŞ ilə danışıqların ikinci raundunun keçirilməsinə İranın Ali rəhbəri Müctəba Xamenei icazə vermədi”. 

Xatırladaq ki, ABŞ-İran danışıqlarının birinci mərhələsi aprelin 11-də Pakistanın paytaxtında keçirilib.

ABŞ- İran arasındakı diplomatik danışıqları şərh edən Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Tural İrfan Sherg.az bildirib ki, ABŞ və İran arasında diplomatik münasibətlərin dalana dirənməsi əslində mahiyyəti etibarı ilə bu danışıqlara hazır olmaması səbəbi ilə əlaqədardır. T. İrfan bildirib ki, hər iki tərəf özünü qalib hesab edir:

“Belə olduqda təbii ki, tərəflərin heç biri iddia və şərtlərindən geri çəkilməyə meylli olmur. Necə ki, indiyəcən baş tutmuş, həm Oman həm də Pakistan danışıqlarında nailiyyət əldə olunmadı. Xüsusən İranda vahid hakimiyyətin olmaması, ali dini - siyasi liderin taleyinin qeyri - müəyyən olması vəziyyəti daha da mürəkkəbləşdirəcək. Artıq İranda ali lider adından qərarlar SEPAH tərəfindən qəbul olunur. Əslində danışıqlardan imtina SEPAH tərəfindən qəbul edilmiş qərardır. Ali dini - siyasi liderin sağlıq durumu yaxud ümumiyyətlə varlığı haqda səhih məlumat yoxdur. Belə olduğu halda bu kimi qərarların onun adından bəyan olunması inandırıcı deyil. SEPAH sadəcə onun obrazından və adından istifadə edir. Lakin buna rəğmən qərarların onun özü tərəfindən qəbul olunması halında belə ABŞ ilə hansısa ortaq məxrəcə gəlmək ehtimalı azdır. Proseslərin sonu yalnız müharibədir”.

Müharibənin yenidən alovlanma ehtimalını yüksək dəyərləndirən siyasi ekspert qeyd edib ki, belə də olacaq: “Danışıqlardan heç bir perspektiv gözlənilmir. Həmçinin ABŞ tərəfini İsrailin təkidləri və İranın qalib obrazı daha çox müharibəni davam etməyə sövq edir. Danışıqlar baş tutsa belə nəticə olmaya bilər. İsrailin məqsədi rejimi tamamilə devirməkdir. Əgər ABŞ müəyyən razılığa gəlsə belə İsrailin ciddi təsiri nəticəsində, eyni zamanda prezident Trampın hətta həyatına sui-qəsd cəhdləri ilə də olsa məqsədinə çatmağa çalışacaq. İranla müəyyən anlaşmaya yer saxlayan ABŞ prezidentini bundan çəkindirmək üçün öncə Epşteyn dosyası açıldı, sonra isə iştirak etdiyi tədbirə silahlı basqın həyata keçirildi. Əslində bütün bunlar ona təziq vasitəsi kimi idarə olunur. Odur ki, İrandan ABŞ və İsrailin asanlıqla əl çəkməsi ehtimalı çox azdır. Ola bilsin bu, danışıqlar görüntülü atəşkəs tezliklə pozulsun və müharibə yenidən alovlansın”.