Dünyanın müharibə diyarına çevrilməsi forumun vacibliyini artırıb - Politoloq

"Antalya Diplomatiya Forumunun nüfuzlu şəxsləri bir araya gətirərək həll yollarının axtarılmasına töhfə verməsi mühüm təşəbbüs kimi tarixə düşəcək” 

“2021-ci ildən etibarən hər il aprel ayında keçirilən Antalya Diplomatiya Forumunun Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərgin proseslərin davam etdiyi dövrə təsadüf etməsi xüsusi əhəmiyyət kəsb edir. Artıq forum beynəlxalq aləmdə nüfuzlu müzakirə platformalarından birinə çevrilib. Forum çərçivəsində ayrı-ayrı panel müzakirələr də həyata keçilir. Tədbirdə öz dövlətlərinin siyasətinə təsir göstərmək imkanına malik ölkə başçıları və rəsmi nümayəndələr iştirak ediblər”. 

Bu sözləri politoloq Xəyal Bəşirov Sherg.az-a aprelin 17-də Türkiyədə keçirilən 5-ci Antalya Diplomatiya Forumu ilə bağlı fikirlərini şərh edərkən deyib:

“Dünyanın müharibə diyarına çevrilməsi forumun vacibliyini artırıb. Xüsusilə də ABŞ ordusunun hər hansı hərəkəti danışıqlar prosesinin yenidən müharibə ilə əvəzlənməsinə səbəb ola bilər. Beynəlxalq hüququn və BMT kimi təşkilatların təsirinin zəiflədiyi bir dövrdə Antalya Diplomatiya Forumunun nüfuzlu şəxsləri bir araya gətirərək həll yollarının axtarılmasına töhfə verməsi mühüm təşəbbüs kimi tarixə düşəcək”. 

Analitikin sözlərinə görə, Azərbaycan da Bakı Qlobal Forumu çərçivəsində qlobal problemlərin müzakirəsi üçün geniş platforma yaradıb:

“Hər il mart ayında təşkil olunan tədbirdə, müxtəlif ölkələrin dövlət başçıları və siyasi fiqurlar iştirak edib. Bakı Qlobal Forumundan əlavə, Azərbaycanın təşəbbüsü ilə dünyanın aparıcı beyin mərkəzlərinin iştirakı ilə tədbirlər keçirilib. Hazırda dünyanın diqqət mərkəzində duran Antalya Diplomatiya Formunda da mühüm məsələlər müzakirə obyektinə çevriləcək. Azərbaycan Prezidenti də forumda iştirak etməklə bir daha dialoq və diplomatiya yolunu seçdiyini nümayiş etdirdi”.  

X.Bəşirov forumda müzakirə olunan məsələlərdən söz açıb:

“Tədbirdə, Balkan ölkələrində mövcud problemlərin həlli, Qəzza ilə bağlı səkkiztərəfli görüşün prioritetləri, müzakirə olunub. Bunlarla paralel olaraq, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə formalaşmış Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşləri ətrafında da fikir mübadiləsi aparılıb. Bir sözlə, Antalya Diplomatiya Forumu geniş spektrli məsələləri əhatə edən mühüm beynəlxalq platformadır”. 

X.Bəşirov qeyd edib ki, Azərbaycanın həssas geosiyasi regionda yerləşdiyini unutmaq olmaz:

“Şimal və cənub istiqamətlərində yerləşən qonşu ölkələr müharibə şəraitindədir. İki imperiyanın ortasında yerləşən Azərbaycan müharibələrin regiona sızmaması üçün praqmatik siyasət yürüdür. Azərbaycanın ərsəyə gətirdiyi uğurlu təcrübələrin müzakirə obyektinə çevrilməsi, Antalya Diplomatiya Forumu üçün nümunə xarakteri daşıyır. Forumda Azərbaycan Prezidentinin həyata keçirdiyi təcrübəyə istinad olunması mühüm və arzuolunan proses hesab edilməlidir”.