Ərdoğan Makronun gizli siyasi sərhəd hesabını pozdu - TƏHLİL

“Paşinyan və Makron Türkiyə-Azərbaycan xəttinə qarşı koordinasiyalı hərəkət edirdi”

“Azərbaycan nəzərə alınmadan heç bir normallaşma mümkün deyil”

Ermənistanda səfərdə olan Makron quru sərhəddən Türkiyəyə keçmək istəsə də, Ankara Bakı ilə danışıqlardan sonra buna icazə verməyib. "AZfront" Teleqram kanalının məlumatına görə, səfər əvvəlcə Türkiyənin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılıb, lakin məsələ Ərdoğanın masasına gəldikdə o, Azərbaycanla müzakirələrdən sonra Makronun quru sərhədini keçməsinə razı olmayıb. 

“Mayın 3-5-də bir sıra tədbirlərdə iştirak etmək üçün İrəvanda səfərdə olan Makron Ərdoğanla görüşmək üçün oradan quru sərhədi vasitəsilə Türkiyəyə yola düşərək, "siyasi cəhətdən rəmzi" jest etməyi planlaşdırırdı. Ehtimal ki, Makron uğursuz xarici siyasətinin beynəlxalq səviyyədə tənqid olunması fonunda Ermənistandan Türkiyəyə səfərini öz diplomatik çəkisinin nümayişinə çevirməyə ümid edirdi. Fransa Prezidentinin artıq 30 ildən çoxdur bağlı olan Türkiyə-Ermənistan sərhədini keçməsi üçüncü tərəfin ikitərəfli kommunikasiyaları açmasının misilsiz nümunəsi ola bilərdi.

Afrikanı və Yaxın Şərqi itirən, İsraillə münasibətləri korlayan və Ukrayna istiqamətində heç nəyə nail olmayan Makron bu baş tutmayan cəhdi ilə öz geosiyasi ambisiyaları və Parisin beynəlxalq arenadakı real çəkisi arasındakı uçurumu bir daha vurğuladı", - deyə nəşr "Le Journal du Dimanche" qəzetinin "Fransa diplomatiyası Makronun dövründə sürətlə öz əhəmiyyətini itirir" adlı məqaləsini də misal gətirərək yazıb.

Siyasi ekspert Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında bildirib ki, Fransa yenidən Cənubi Qafqazda möhkəmlənmək və regiondakı geosiyasi proseslərin iştirakçısına çevrilmək üçün Ermənistan üzərindən fəallaşmağa çalışır. Onun sözlərinə görə, Emmanuel Macronın İrəvanda olduğu vaxt Türkiyəyə quru sərhədi vasitəsilə keçmək istəyi də məhz bu məqsədə hesablanmış siyasi addım idi:

Elçin Xalidbəyli bildirib ki, Fransa yenidən Cənubi Qafqazda möhkəmlənmək və regiondakı geosiyasi proseslərin iştirakçısına çevrilmək üçün Ermənistan üzərindən fəallaşmağa çalışır. Onun sözlərinə görə, Emmanuel Makronın İrəvanda olduğu vaxt Türkiyəyə quru sərhədi vasitəsilə keçmək istəyi də məhz bu məqsədə hesablanmış siyasi addımdır: “Fransa uzun müddətdir Cənubi Qafqazda öz təsir imkanlarını genişləndirməyə çalışır və bu siyasətdə əsas dayaq nöqtəsi kimi Ermənistandan istifadə edir. Makronun Ermənistan-Türkiyə sərhədindən keçmək cəhdi də Parisin regionda yeni siyasi mövqe qazanmaq niyyətindən xəbər verir. Fransa Cənubi Qafqazda geosiyasi proseslərin birbaşa iştirakçısına çevrilmək istəyir. Lakin Azərbaycan buna prinsipial şəkildə qarşı çıxır. Vaxtilə Prezident İlham Əliyev Fransanın Azərbaycan-Ermənistan sülh prosesində iştirakına açıq şəkildə etiraz etmişdi. Məhz bundan sonra vasitəçilik formatında dəyişiklik baş verdi və sülh prosesi daha intensiv mərhələyə keçdi”.

Ekspert hesab edir ki, Paris yenidən proseslərə təsir imkanlarını bərpa etməyə çalışırdı, ancaq budəfəki cəhdi də nəticəsiz qaldı:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycanla münasibətlərdə prinsipial mövqe nümayiş etdirib və bu dəfə də Ankara Bakının maraqlarını nəzərə aldı. Bununla açıq mesaj verildi ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından və yekun sülh sazişinin imzalanmasından asılıdır. Görünən odur ki, Paşinyan hakimiyyəti ilə Makron koordinasiyalı şəkildə Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı fonunda yeni siyasi vəziyyət yaratmağa çalışırdı. Məqsəd ondan ibarət idi ki, Fransa prezidenti 30 ildən artıq bağlı qalan sərhədi Ermənistan ərazisindən keçərək Türkiyəyə daxil olsun və bununla beynəlxalq ictimaiyyətə sərhədlərin açılması prosesinin Azərbaycandan asılı olmadığı mesajı verilsin. Lakin Ankara buna imkan vermədi. Ərdoğan və Əliyev arasında mövcud olan strateji müttəfiqlik bu planı Paşinyanla Makronun şər ittifaqını iflasa uğratdı. Türkiyə faktiki olaraq göstərdi ki, regionda hər hansı normallaşma prosesi Azərbaycanın maraqları nəzərə alınmadan mümkün deyil. Ərdoğan Türkiyənin qapılarını Makronun üzünə bağlayara açıq şəkildə mesaj verdi ki, Ermənistan ərazisindən Türkiyə ərazisinə keçmək istəyirlərsə, Azərbaycanın maraqları nəzərə alınmalı, sülh şərtləri qeyd- şərtsiz qəbul edilməlidir”.