Ərdoğanın qəti mövqeyi Makronun planını pozdu - ŞƏRH

” Makronun addımı İrəvanla əvvəlcədən razılaşdırılıb"

Son iki ildir ki, Ermənistan rəsmilərinin əsas müzakirə mövzusu, Türkiyə ilə 30 ildir bağlı qalan quru sərhədlərin açılması üzərində qurulub. Baş nazir Nikol Paşinyan mayın 4-də İrəvanda baş tutan "Avropa Siyasi Birliyi" sammitində Türkiyə ilə əməkdaşlığın gücləndirilməsindən və sərhədlərin açılması məsələsinə toxunub.

Sanki sözləşmiş kimi xarici işlər naziri Ararat Mirzoyan da münasibətlərin normallaşdırılması istiqamətində aparılan texniki işlərə baxmayaraq, sərhədlərin bağlı qalmasından gileylənib. Çox keçmədi ki, Ermənistanın arzularını, Fransa prezidenti Emmanuel Makronun əli ilə reallaşdırmaq istədiyi üzə çıxdı. Mayın 3-5 tarixlərində, İrəvanda səfərdə olan Makron, Ərdoğanla görüşmək üçün oradan quru sərhədi vasitəsilə Türkiyəyə daxil olmağı planlaşdırıb. Lakin Türkiyə lideri bu təşəbbüsü qəti şəkildə rədd edib. 

Bəs Fransa prezidentinin qəfil verdiyi bu qərarın arxa planında hansı məqamlar dayanır?

Mövzu ilə bağlı politoloq Zaur İbrahimli Sherg.az-a bildirib ki, hazırda Avropa İttifaqının Cənubi Qafqaz üzrə siyasi gündəliyində əsas istiqamətlərdən biri Ermənistanın Rusiyadan asılılığını azaltmaqdır:

“Bu məqsədlə alternativ kommunikasiya və əməkdaşlıq kanalları genişləndirilir. Türkiyə ilə sərhədlərin açılması da strateji məqsəd çərçivəsində nəzərdən keçirilir. Bir sıra Avropa ölkələri xüsusilə də Fransa, Türkiyə, Ermənistan münasibətlərini Bakı-İrəvan sülh prosesindən kənarda saxlamağa çalışırlar. Bununla bağlı ayrıca diplomatik kanal yaratmaq niyyətindədirlər. Lakin rəsmi Anakara dəfələrlə bildirib ki, quru sərhədləri yalnız Azərbaycanla sülh sazişi imzalandıqdan sonra açıla bilər. Həmin dövrə qədər təmir-bərpa işləri istiqamətində ilkin hazırlıqlar görülür. Hüquqi baza yenidən nəzərdən keçirilir. Bu tədbirlərin praktik müstəvidə ərsəyə gətirilməsi üçün əsas şərt dəyişməzdir”. 

Politoloqun sözlərinə görə, Fransa hazırda Cənubi Qafqazda Avropanın əsas diplomatik və siyasi aktorlarından biri kimi çıxış edir:

“Rəsmi Paris Anara ilə münasibətlərini yumşaltmağa çalışmaqla yanaşı, Ermənistanla quru sərhədlərin açılmasını da təşviq edir. Makron populist addım ataraq, bir ilkə imza atmaq istədi. Əgər onun atdığı bu addım reallaşsaydı, diplomatik jest olaraq qiymətləndiriləcəkdi. Ərdoğan isə Paris və Ankara arasında Şərqi Aralıq dənizi və Kipr məsələləri üzrə rəqabətin intensivləşdiyinin fərqindədir. Emmanuel, Türkiyə ilə diplomatik münasibətlər və Ermənistanın sərhəd məsələlərində güzəştə açıq mövqeyə sahib olduğunu göstərmək istədi”. 

Z.İbrahimli qeyd edib ki, Türkiyə liderinin qəti etirazı bu avantüranın qarşısını aldı:

“Makron bu addımı, Ermənistanla əvvəlcədən razılaşdırılıb. Əminəm ki, rəsmi İrəvan Fransanın vasitəçiliyi əsasında Türkiyə ilə quru sərhədlərin açılacağına inanıb. Onlar Ərdoğanın Fransa kimi böyük bir ölkənin lideri tərəfindən planlaşdırılan diplomatik jesti geri çevirməyəcəyinə ümid bəsləyiblər. Bu hadisə bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını və strateji müttəfiqliyinin möhkəm təməl üzərində dayandığını nümayiş etdirdi”.