"Paşinyana müxalif olanlar hansı partiya adı altında fəaliyyət göstərməsindən aslı olmayaq Rusiyanın maraqlarını ifadə edir"
Parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik və qarşılıqlı ittihamlar artır. Hakimiyyətlə müxalifətə yaxın qüvvələr arasında gedən mübarizə artıq təkcə siyasi mövqelər üzərindən deyil, həm də ideoloji ittihamlar və emosional mesajlar üzərindən aparılır.
Bu kontekstdə Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryanın səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkir. O, rusiyalı erməni əsilli oliqarx Samvel Karapetyanı keçmiş prezident Robert Köçaryan və “Daşnaksütyun”la eyni ideoloji xətti təbliğ etməkdə ittiham edərək, bu ritorikanın cəmiyyətdə nifrət və qorxu yaratmağa hesablandığını bildirib. Fraksiya rəhbəri Samvel Karapetyanın Robert Köçəryan kimi Ermənistanda cəmiyyəti türklərə qarşı nifrətə təşviq etdiyini bildirib: “Kaluqalı oliqarx (Samvel Karapetyan) indi də “Süniki itirmək” və “türkləşmə təhlükəsi” barədə danışır. O, uzun illər Robert Köçəryan və “daşnaklar”ın təkrarladığı eyni saxta tezisləri sözbəsöz təkrar edir. Samvel Karapetyan Robert Köçəryandan daha çox “Robert Köçəryan olmağa çalışır, onun əlindən sönməkdə olan siyasi bədbinliyin çırağını almağa çalışır”. Hayk Koncoryan Samvel Karapetyanı “ideoloji cəhətdən iflas etmiş dollar milyarderi” adlandırıb və qeyd edib ki, bu, əsl dərslik nümunəsidir.
İyunun 7-də keçiriləcək parlament seçkilərinin Ermənistanın gələcəyi baxımından taleyüklü bir proses olduğunu vurğulayan politoloq Natiq Miri Sherg.az-a bildirib ki, bu seçkinin nəticəsi erməni xalqının, Ermənistan dövlətinin gələcəyini müəyyənləşdirəcək. Onun sözlərinə görə, hazırkı baş nazir Nikol Paşinyanın qələbə qazanması Qərb dünyasının istər ABŞ, istərsə də Avropa İttifaqı ölkələri səviyyəsində Ermənistana investisiyalarını artıra bilər:
“Bu da elmi, texnoloji, iqtisadi inkişaf deməkdir. Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir. Paşinyana müxalif olanlar hansı partiya adı altında fəaliyyət göstərməsindən aslı olmayaq Rusiyanın maraqlarını ifadə edir. Onlar hər an Ermənistan dövlətinin maraqlarını, mənafeyini satmağa hazır siyasi qüvvələr kimi hərəkət edirlər. Ermənistan cəmiyyətinin də bunu anlaması çox vacibdir”.
N. Miri qeyd edib ki, Hayk Koncoryanın səsləndirdiyi fikirlər ittiham deyil, konkret siyasi xəttə qarşı açıq mövqedir:
“Onun Samvel Karapetyanı Robert Koçəryan ilə eyniləşdirməsi göstərir ki, hakimiyyət bu ritorikanı təhlükəli və köhnəlmiş yanaşma kimi təqdim edir. O, bir tərəfdən rəqiblərini radikal və təhlükəli ideologiyanın daşıyıcısı kimi təqdim edir, digər tərəfdən isə dolayısı ilə daha praqmatik və gələcəyə yönəlmiş siyasətin vacibliyini vurğulayır”.
Politoloq hesab edir ki, müxalifətin qələbə çalıb revanş götürməsi Ermənistanda içiboş idealların yenidən dövriyyəyə buraxılması demək olacaq:
“Azərbaycan və Türkiyə ərazilərini işğal edib “dənizdən-dənizə” dövlət qurmaq nağılını və “soyqırımı” iddialarını yenidən siyasətə daşımaq gərginlikdən, yeni münaqişələrdən, Ermənistanı növbəti dəfə zərbə altında qoymaqdan başqa heç nəyə xidmət etməyəcək. Bitmiş Qarabağ məsələsini diriltmək cəhdi, yeni silahlı təxribatlar Bakını Naxçıvanla Azərbaycanın qalan hissəsi arasındakı ərazini nəzarətə götürmək məcburiyyətində qoya bilər. Bu perspektiv ermənilərin xoşuna gəlirsə, müxalifətə səs verə bilərlər”.