Ermənistan Konstitusiya Məhkəməsindən “Tramp marşrutu” ilə bağlı qərar

Ermənistan Konstitusiya Məhkəməsi TRIPP (“Tramp marşrutu”) layihəsi üzrə müqaviləni ölkə Konstitusiyasına uyğun hesab edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsindən yerli mediaya bildirilib.

İrəvan və Vaşinqton mayın 26-da “Tramp marşrutu” layihəsi üzrə çərçivə sazişini paraflayıb. İmzalanma prosesi iyunun 4-də ABŞ dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın imzaları ilə başa çatıb.

İyul ayında Ermənistan hökuməti müqaviləni təsdiqləyib. Konstitusiya Məhkəməsi sənəddə götürülmüş öhdəlikləri Konstitusiyaya uyğun olaraq tanıdıqdan sonra müqavilə təsdiq üçün parlamentə göndəriləcək.

Baş nazir Nikol Paşinyan bundan əvvəl hökumətin TRIPP-in icrasını mümkün qədər tez irəli aparmaq istədiyini bildirmiş və yerdə işlərin payızda başlaya biləcəyinə ümid etdiyini bildirmişdi.