Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK

Abutalıb Səmədov: "Paşinyan qalib gələrsə, Zəngəzur və sülh prosesində dönüş olacaq”

Ermənistanda qarşıdan gələn parlament seçkiləri fonunda siyasi rəqabət gərginləşib. Baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə hakim “Vətəndaş Müqaviləsi” Partiyası seçkiqabağı ianə kampaniyasına start verib və bu addım həm siyasi iştirakçılıq, həm də seçki strategiyası kimi qiymətləndirilir. Siyasi proseslərlə bağlı şərhlərdə isə seçkilərin təkcə daxili siyasi mübarizə deyil, həm də Ermənistanın xarici siyasət istiqamətini müəyyənləşdirəcək həlledici mərhələ olduğu vurğulanıb.

Nikol Paşinyan qeyd edib: “Əziz xalqım, bizim siyasi maliyyələşdirmə ilə bağlı fikrimiz belədir: əgər “Vətəndaş Müqaviləsi” Partiyasının siyasi fəaliyyətinin davamı üçün 1000 dram lazımdırsa, bizə 1000 dram verəcək 1 nəfər yox, bizə 1 dram verəcək 1000 nəfər lazımdır. “Vətəndaş Müqaviləsi” Partiyasının seçkiqabağı ianə toplama kampaniyası başlayıb. 1 dramınızı köçürün və sülhü müdafiə edin”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın seçkiqabağı ianə kampaniyası təkcə maliyyə toplamaq məqsədi daşımır, həm də ictimai iştirakçılığın artırılmasına xidmət edir. Onun sözlərinə görə, kiçik məbləğlə çoxsaylı insanların prosesə qoşulması seçici aktivliyini və siyasi mobilizasiyanı gücləndirir, eyni zamanda bu dəstəyin səsvermə davranışına da təsir göstərməsi ehtimal olunur:

“Onsuz da toplanan məbləğ dəyişməyəcək, lakin 1 nəfər əvəzinə 1000 insanın o məbləği ödəməsi daha çox seçkinin seçki kampaniyasında aktiv iştirak edəcəyini göstərir. Bu kifayət qədər əhəmiyyətli məsələdir. Hər hansı bir partiyaya ianə edən şəxs demək ki həmin partiyanın namizədinə səs verəcək. Üstəlik ətrafındakı insanları da bu kampaniyaya qoşmağa cəhd göstərəcək. 

Politoloqun fikrincə builki seçkilər Nikol Paşinyan üçün 2021-ci ildə keçirilən parlament seçkilərindən daha mürəkkəb və gərgin keçəcək:

“Həmin vaxt Paşinyan Ermənistana ən ağır məğlubiyyət hissi yaşatmasına rəğmən seçkilərdə qalib gəldi. 

2021-ci il seçkilərindən fərqli olaraq bu dəfə müxalifət daha geniş şəkildə konsolidasiya olunub və rusiyapərəst qüvvələr daha koordinasiyalı çıxış edir. Prosesə sadəcə Ermənistandakı rusyönümlü müxalifət liderləri yox, Rusiya Prezidenti Vladimir Putinin özü də qoşulub. 

Ona görə də bu seçkilər Ermənistan cəmiyyəti üçün taleyüklü bir hadisədir. Ölkənin qərb yoxsa Rusiyaya inteqrasiyası məhz seçkinin sonunda bəlli olacaq”. 

A.Səmədov bildirib ki, seçkilərin nəticəsi Ermənistanın gələcək geosiyasi istiqamətini müəyyən edə bilər. Paşinyanın qalib gəlməsi ölkənin Qərbə inteqrasiya kursunu gücləndirə, regionda nisbətən sabitlik yarada və Azərbaycanla sülh prosesinə əlavə impuls verə bilər: “Əgər Paşinyan seçkilərdə qalib gəlib, hökuməti təşkil etmək imkanı əldə etsə, Rusiyanın bölgədəki nüfuzu tamamilə azalacaq. Ermənistan qərbə inteqrasiya prosesini sürətləndirəcək. Bu da öz növbəsində bölgədə və regionda gərginliyi azaldacaq, Paşinyan Referendum keçirərək Ermənistan Konstitutsiyasındakı Müstəqillik Bəyannaməsini dəyişəcək. Azərbaycanla sülh sazişi imzalanacaq, Zəngəzur dəhlizi açılması istiqamətində real addımlar atacaq. Əks halda, sadalanan bu proseslər düyünə düşəcək. Bu səbəbdən Azərbaycan da seçkilərdə Paşinyanın qalib gəlməsində maraqlıdır. Lakin Paşinyanı çox ağır mübarizə gözləyir. Rusiyapərəst qüvvələr Ermənistanda böyük güc sahibidir və onların qalib gəlmə ehtimalı istisna deyil. Üstəlik Paşinyanın qarşısındakı qüvvə sadəcə müxalif siyasi qüvvə deyil, həmçinin ölkədə böyük nüfuzu olan institusional aktor olan erməni kilsəsinin mövqeyidir”.