Elvin Baxşəlizadə: Ermənistan cəmiyyəti iki fərqli gələcək arasında seçim edəcək
“Ermənistanda keçiriləcək parlament seçkilərinə cəmi bir neçə gün qalıb. Qonşu ölkədə keçiriləcək seçki həm Ermənistan,həm də ümumilikdə bölgənin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Paşinyan və onun partiyası seçkinin əsas favoriti sayılır”.
Bu barədə politoloq Elvin Baxşəlizadə Sherg.az-a bildirib. 
Politoloq deyib ki, Paşinyan komandasının proqramında bir neçə strateji istiqamət xüsusi yer tutur: “Bunların arasında ilk növbədə konstitusiya islahatları və referendum yolu ilə Azərbaycanla sülh üçün hüquqi zəminin formalaşdırılması dayanır. Bu yanaşma İrəvanın sülh gündəliyini daxili hüquqi müstəviyə keçirmək cəhdi kimi qiymətləndirilir. Eyni zamanda, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, sərhədlərin açılması və iqtisadi-ticarət əlaqələrinin bərpası istiqamətində addımlar atması da əsas prioritetlərdən biri kimi göstərilir. Bu, regionda uzun illərdir mövcud olan kommunikasiya blokadasının aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Avropa İttifaqına inteqrasiya prosesinin sürətləndirilməsi və viza rejiminin yumşaldılması da Ermənistanın xarici siyasət xəttində önəmli yer tutur. Bu istiqamət ölkənin Qərblə siyasi və iqtisadi yaxınlaşmasını dərinləşdirən faktor kimi dəyərləndirilir”.
Rusiyadan asılılığın azaldılması tendensiyasına diqqət çəkən E. Baxşəlizadə bildirib ki, Ermənistanın xarici siyasətində müşahidə olunan bu diversifikasiya cəhdi regionda yeni geosiyasi balansın formalaşmasına təsir göstərə bilər:
“Paşinyanın ən ciddi rəqibi isə rəsmi Moskvaya yaxınlıqları ilə seçilən revanşistlərdir. Onlar Samvel Karapetyanın başçılığı ilə seçkidə qələbəyə iddialı olsalar da şansları o qədər də yüksək deyil. Revanşistlərin seçkidə əsas tezisi Ermənistanın təhlükəsizlik məsələsidir. Seçkiylə bağlı çıxışlarında,cəmiyyətə müraciətlərində əsas mövzu məhz budur. Azərbaycan və Türkiyə potensial təhlükə kimi qiymətləndirilir. Ordunun gücləndirilməsi,maddi-texniki bazasının yenilənməsi fikirləri səsləndirilir. Ölkənin sosial-iqtisadi problemləri,gələcəklə bağlı sosial qayğılar isə ikinci dərəcəli məsələlər kimi qiymətləndirilir”.
Politoloq qeyd edib ki, Ermənistan cəmiyyəti seçki günü məhz bu iki əsas konsepsiyadan birini qalib elan edəcək. Bu həm Ermənistanın, həm də ümumilikdə bölgəmizin yaxın illər üçün gələcəyini şəkilləndirəcək hadisələrdən biri olacaq.