Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN Türk” kanalına müsahibəsində NATO-nun yeni mərhələyə qədəm qoyduğunu bildirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, onun sözlərinə görə, müxtəlif coğrafiyalarda fərqli təhlükələr və iqtisadi proseslər fonunda NATO üzvlərinin Ankarada bir araya gələrək ortaq mövqe formalaşdırması böyük əhəmiyyət daşıyır.
Nazir qeyd edib ki, sammitdə “NATO 3.0” adlandırılan yeni strateji konsepsiyanın qəbul edilməsi gözlənilir.
Həmçinin o əlavə edib ki, yeni mərhələdə Avropanın təhlükəsizlik sistemində məsuliyyət bölgüsü yenidən müəyyənləşdiriləcək, ABŞ-dan asılılığın azaldılması və üzv ölkələrin müdafiə yükünü daha çox öz üzərinə götürməsi hədəflənir.
Qeyd edək ki, “NATO 3.0” NATO-nun yeni fəaliyyət modelidir. Bu modeldə ABŞ təkbaşına Avropanın təhlükəsizliyinin əsas yükünü daşımayacaq. Bunun əvəzinə Avropa ölkələri və Kanada müdafiəyə daha çox pul ayıracaq, ordularını gücləndirəcək və təhlükəsizlik məsuliyyətinin daha böyük hissəsini öz üzərinə götürəcək.