"İcra məmurlarının təminatının yaxşılaşdırılması üçün layihə hazırlanır"

Cərimə cəzalandırmaq məqsədi daşıyır

Samir Şərifov: "Dövlətin cərimələrdən hər hansı formada pul qazanmaq niyyəti yoxdur"

  "Publik hüquqi şəxslərin sayının çox olması texniki məsələdir". Bunu Milli Məclisdə "2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, publik hüquqi şəxslərin bir çoxu dövlət büdcəsindən vəsait alırlar: “Təhsil sahəsində aparılan islahatlar publik hüquqi şəxslərin çox olmasını şərtləndirir. Büdcədə göstərilən publik hüquqi şəxslər o şəxslərdir ki, dövlətin müəyyən sifarişlərini həyata keçirir və buna görə dövlətdən ödəniş alır. Səhiyyə müəssisələrinin çoxu publik hüquqi şəxsə çevrilir”.
  Nazir deyib ki, dövlətin cərimələrdən hər hansı formada pul qazanmaq niyyəti yoxdur. Nazir bildirib ki, cərimə cəzalandırmaq məqsədi daşıyır. Maliyyə naziri hərbi xərclərin artırılması barədə təkliflərə münasibət bildirib: "Hərbi xərclərin artırılması təklif olundu. Ali Baş Komandan bu məsələni diqqət mərkəzində saxlayır. Lazım gələndə bu vəsait artırıla bilər. Prezident hər zaman çıxışlarında deyir ki, müdafiə qabiliyyətimizin yüksəldilməsi bir nömrəli məsələdir. Cari ildə yenidən baxılma ilə bizim müdafiə xərcimiz 1 milyard manatdan artıq artırılıb. İmkan olan kimi bu edilir və yenə də imkan olan kimi bu vəsait artırılacaq”.
  Samir Şərifov vurğulayıb ki, icra məmurlarının təminatının yaxşılaşdırılması üçün layihə hazırlanır: "Ombudsmanın təkliflərini araşdırıb nəticələri barədə məlumat verəcəyik. Böyük sayda məhkəmə qərarları müəyyən əmək münasibətləri ilə bağlıdır. Bunlar kifayət qədər xırda məsələlərdir. Dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatları ilə bağlı məhkəmə qərarlarında gecikən, icra olunmayan işlər yoxdur. Bəzi qərarlar yenidən baxılmalı, onların təzminat məbləğləri azaldılmalı və s. olmalıdır. İcra olunmayan məhkəmə qərarlarının icrası ilə bağlı vəsaitdən icra məmurlarının təminatının yaxşılaşdırılması üçün istifadə oluna bilər. Bu, tam hazır olduqda müvafiq layihə təqdim ediləcək”.
  Nazir diqqətə çatdırıb ki, xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqların təhlükəsizliyinin gücləndirilməsi üçün büdcədən müvafiq vəsait nəzərdə tutulub. Nazir bildirib ki, xaricdə hüquqlarımızın müdafiəsi üçün Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq işlər görülür: “Bu məsələ Prezidentin diqqətindədir”.