- “Vaşinqtonun sözləri ilə addımları üst-üstə düşmür”
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin Yaxın Şərqə yeni hərbi texnika göndərməsini tənqid edərək Vaşinqtonun bəyanatları ilə atdığı addımların bir-birinə zidd olduğunu bildirib.
O, bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.
"Amerikalılar bölgəyə davamlı olaraq yeni hərbi texnika gətirir və bunun müharibəni dayandırmaq məqsədi daşıdığını iddia edirlər. Onlar zənn edirlər ki, bizim kəşfiyyatımız onların intellekti qədər zəifdir", - deyə Qalibaf qeyd edib.
İran parlamentinin sədrinin sözlərinə görə, Tehran artıq ABŞ-nin bu cür addımlarını düzgün qiymətləndirmək üçün kifayət qədər təcrübə qazanıb.
Beynəlxalq Münasibətlər və Siyasət üzrə Mütəxəssis Dr. Burcu Dəmir Sherg.az-a İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafın açıqlamalarının Tehranın ABŞ-nin Yaxın Şərq siyasətinə duyduğu dərin etimadsızlığın əksi olduğunu bildirib:
"İran rəhbərliyi hesab edir ki, Vaşinqton diplomatik bəyanatlar versə də, regiondakı hərbi mövcudluğunu gücləndirməsi gərginliyi azaltmaqdan daha çox təzyiq strategiyasının davamı kimi qiymətləndirilməlidir. Buna görə də ABŞ-nin atdığı addımlarla verdiyi siyasi mesajlar arasında uyğunsuzluğun olduğu fikri ön plana çıxır.
ABŞ hərbi qüvvə və texnika yerləşdirməsini regional müttəfiqlərinin təhlükəsizliyini təmin etmək, mümkün təhdidlərin qarşısını almaq məqsədi daşıdığını müdafiə edir. Lakib İran bu addımları öz milli təhlükəsizliyinə qarşı hazırlıq kimi qəbul edir".
Analitik vurğulayıb ki, təhdidlərin fərqli şəkildə dəyərləndirilməsi regionda gərginliyin azalmasını çətinləşdirir:
"Tehran ABŞ-nin regiondakı mövcudluğunu legitimləşdirmək cəhdlərini rədd edir. Masa arxasında atılacaq addımların hərbi yerləşdirmələrlə ziddiyyət təşkil etmədiyi müddətdə diplomatiya ilə bağlı bəyanatlara etibar etməyəcəyini açıq şəkildə bəyan edir"