Zənginləşdirilmiş uran havaya sızsa, bərpası illər çəkəcək fəlakət yaranar
Coğrafiyanın müxtəlif cəbhələrində ölkələr arasında müharibələr davam edir. Əgər əvvəlki dövrdə, münaqişə cəbhə xətləri ilə məhdudlaşırdısa, bu gün onun təsir dairəsi coğrafi sərhədləri aşaraq, birbaşa mülki həyatın içinə nüfuz edir. İnsanların formalaşması və inkişafı illərlə davam edən proses olsa da, müasir texnologiyanın yaratdığı imkanlar sayəsində onların həyatına son qoymaq cəmi bir neçə dəqiqə ərzində mümkündür.
Qaydasız döyüş müstəvisinə çevrilən müharibələr nüvə silahından istifadə riskini artırır. Ötən il İranın nüvə obyektlərinə endirilən zərbələr radioaktiv maddələrin havaya sızması ilə bağlı narahatlığa səbəb oldu. Lakin Beynəlxalq Atom Enerjisi Agentliyi, Natanz, İsfahan və Fordo obyektlərində radionuklidlərin ətraf mühitə yayılmasına dair dəqiq sübutlar tapmadığını açıqladı. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı mümkün ssenariləri nəzərə alaraq, fövqəladə hazırlıq tədbirlərini gücləndirir. ÜST-ün rəsmi nümayəndəsi Xanan Bəlxi, nüvə fəlakətinə qarşı öncədən tədbirlər gördüklərini açıqlayıb Onun sözlərinə görə, nüvə silahından istifadə edilməsi ilə dünyaya dəyəcək ziyanın qarşısını almaq mümkün deyil.
Mövzu ilə bağlı hərbi ekspert, Ədalət Verdiyev Sherg.az-a bildirib ki, hazırda nüvə silahından istifadəyə dair təhlükəli vəziyyət yoxdur:
“Çünki İran nüvə silahına malik deyil. ABŞ və İsrail isə bu silahdan istifadə etmədən də İranı işğal etmək potensialına sahibdir. Lakin İranda 460 kiloqrama qədər zənginləşdirilmiş uranın olduğuna dair faktlar var. Həmçinin rusiyalı mütəxəssislər, İranda “Buşəhr” atom elektrik stansiyasının tikintisi ilə məşğul olurdular. Bu stansiyaya 12 günlük müharibədə zərbələr endirilib. Nüvə silahının tətbiqindən daha çox İranda, zənginləşdirilmiş uranın hava məkanına sızma ehtimalı yüksəkdir. Bu zaman, radioaktiv hissəciklər atmosferə qarışaraq, külək vasitəsilə geniş ərazilərə yayıla bilər. Bitki örtüyü, su hövzələri və torpağın radioaktiv maddələrlə çirklənməsi isə bərpası illər çəkən ciddi faciəyə səbəb olar”.
Ekspertin sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı ilə Ümumdünya Səhiyyə Təşkilatı, nüvə obyektlərinə mümkün hücumların nəticəsinin aradan qaldırılması məsqədilə fəaliyyətlərini genişləndirir:
“Hazırda dünyada 10 dövlət nüvə silahına sahibdir. Onların 5-i BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. ABŞ, Rusiya və Çinin əlində çox böyük miqdarda nüvə başlıqları var. Xüsusilə ABŞ və Rusiya minlərlə nüvə başlığı ilə ən böyük arsenal sahibidir. Çində isə təxminən 200-dən çox nüvə başlığı mövcuddur. Bu başlıqların hər biri Hiroşima və Naqazakiyə atılan nüvə silahlarının gücündən dəfələrlə üstündür. Həmin hadisə 70-80 min nəfərin ölümünə səbəb olmuşdusa, ABŞ, Rusiya və Çinin atdığı tək nüvə başlığı milyonlarla insanın həyatına son qoya bilər. Bu da dünya üçün geridönüşü olmayan böyük fəlakətlərə səbəb olar”.