“İran regionu xaosa sürükləməyə çalışır” - ŞƏRH

Hakan Fidanın narahatlığında əsaslar var, Tehranın yanlış addımı regionu böyük müharibəyə aparır

 İranla, ABŞ və İsrail arasında fevralın 28-dən etibarən alovlanan müharibə regionu yenidən təhlükəli mərhələyə daşıyıb. Münaqişədən öncə diplomatiyanın mərkəzində yer alan Oman, nüvə proqramı üzrə tərəflər arasında gərginliyin azaldılmasına çalışırdı.

Yaxın Şərq ölkələrinin İranı dəstəkləməsinə baxmayaraq, rəsmi Tehran ABŞ-nin hərbi bazalarının mövcud olduğu region ölkələrini bombaladı. ABŞ və İsrailin birləşərək, İrana qarşı hərbi əməliyyatlara başlaması, beynəlxalq hüquqa ziddir. Ancaq eyni hərəkəti rəsmi Tehran, Yaxın Şərq ölkələri üzərində həyata keçirdi. Türkiyə müharibə şəraitində İranla siyasi həmrəyliyini ifadə etsə də, xarici işlər naziri Hakan Fidan müttəfiqinin strategiyasını tənqid edib. O bildirib ki, İran bölgədə yerləşən enerji infrastrukturunun qlobal iqtisadiyyat üçün əhəmiyyətli olduğunu bildiyi halda, hədəfə alması ciddi strateji yanlışlıqdır. Nazir, İranın xeyrinə çalışan Yaxın Şərq ölkələrinin heç bir fərq qoyulmadan bombalanmasını xəta adlandırıb.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a bildirib ki, İranın hərbi strategiyası təhlükəsizlik arxitekturasını ciddi sınaq qarşısında qoyur:

“İran ordusunun region ölkələrində yerləşən ABŞ hərbi bazalarını və səhra qərargahlarını potensial hədəf kimi müəyyənləşdirməsi münaqişənin coğrafiyasını genişləndirmək riski yaradır. H. Fidanın qeyd etdiyi kimi, İranın hərbi baxımdan yanlış strateji addımlar atması region ölkələrinin koalisiya şəklində ona qarşı birləşməsinə yol aça bilər. Belə bir senari Yaxın Şərqdə lokal qarşıdurmanı regional müharibəyə çevirə bilər. H.Fidanın narahatlığı isə başadüşüləndir. Çünki bu gün İrandan Türkiyə istiqamətinə yönələn ballistik raket, NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib”. 

Politoloqun sözlərinə görə, İran höküməti tənəzzülə doğru getdiyinin fərqindədir: 

“Ona görə də, özü ilə birlikdə region ölkələrini də xaosa sürükləməyə çalışır. İran daxilində qərar qəbuletmə proseslərində SEPAH-ın artan təsiri, ölkənin xarici siyasətində sərt xəttin dominantlığını gücləndirir. Böhranın qarşısını almaq üçün rəsmi Tehran SEPAH-ın fəaliyyət trayektoriyasını məhdudlaşdırıb, Prezidentin vəzifələrini artırmalıdır. Yalnız bundan sonra İran, ABŞ və İsraillə ortaq yol tapa bilər. Göründüyü kimi SEPAH hücumları davam etdirməkdə qərarlıdır. Mövcud dinamika göstərir ki, proseslərin taleyi Tehranın strateji seçimindən asılı olacaq”.