Yeni ali dini rəhbər Müctəba Xamenei ölkəni idarə etmək iqtidarında deyil
İran İslam Respublikası uzun illərdir ki, ölkədə “casus şəbəkələri”nin fəaliyyətinə qarşı mübarizə aparır. İran, İsrail və ABŞ arasında fevralın 28-dən etibarən başlayan müharibə, ordu və xalq daxilindəki agentlərin üzə çıxmasına səbəb oldu. İran hüquq-mühafizə orqanları düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən 500 nəfəri saxlayıb. Onlardan 250-si mühüm fiqurlar olub.
Casusların fəaliyyət trayektoriyası müxtəlifdir. Bir hissəsi ölkədə ictimai asayişi pozmağa çalışır, digərləri isə əlaqə saxladıqları şəxslərə kritik hədəflərin kodlarını ötürür. Ötən il İran Hərbi Hava Qüvvələrinin komandirləri İsrailə cavab tədbirləri planlaşdırmaq üçün yeraltı bunkerdə iclas keçirərkən, dəqiq hədəflə bombalanmışdı. Hədəflərin dəqiqləşdirilməsi üçün MOSSAD komandoları casuslar vasitəsilə, İran daxilinə dronlar və partlayıcı yüklər yerləşdiriblər. İsrail ordusu, “başsız ordu müharibədə tez dağılır” prinsipi ilə hərəkət edir. Bu məqsədlə, müharibənin ilk günlərində, İranın ali dini rəhbəri Əli Xamnei öldürüldü. Hazırda İsrailin müdafiə naziri, "Bəsic" qüvvələrinin komandanı Qolam Rza Süleymani ilə Təhlükəsizlik Şurasının katibi Əli Laricanini öldürdüklərini açıqlayıb. Müharibənin şiddəti artdıqca, İranın itirdiyi yüksək rütbəli rəsmilərin sayı da artır.

Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan Sherg.az-a bildirib ki, Ötən il İran və İsrail arasındakı 12 günlük müharibədə olduğu kimi, bu dəfə də İran hökuməti “casus ovu”na çıxıb:
“İranda hökumət əleyhinə etiraz edən və müxalif mövqedə duran şəxslər potensial olaraq casus şəbəkəsinin agenti hesab olunur. İranda bir gündə 500-600 gizli agentin aşkarlanması, ölkənin təhlükəsizliyi, vətəndaşlarına etimadı və ictimai-siyasi vəziyyətin mürəkkəbliyini göstərir. Vətəndaşlar ölkələrindəki hakimiyyətə etibar etmədikdə, satqınlığa əl atırlar. Sabiq kəşfiyyat naziri Qulamhüseyn Möhsini Əcəid dəfələrlə buna görə, İran xalqını hədələyib. Analitik və tədqiqat mərkəzləri İranda, casus şəbəkəsinin geniş yayılmasının səbəbləri barədə konkret nəticələr ortaya qoymur”.
Politoloqun sözlərinə görə, İranda yüksək rütbəli generallar arasında İsraillə əməkdaşlıq edən casuslar var:
“Son zamanlar, İranda, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) güc qoşunlarının komandanı, general İsmayıl Qaani də İsrailin təhlükəsizlik orqanları ilə əməkdaşlıq etdiyi ehtimal olunur. O, 12 günlük müharibədə, sağ çıxan generallar arasında yer alırdı. Bu dəfəki müharibədə də İsrail, yüksək rütbəli generalların olduğu məkanı hədəf alarkən, Qaani hadisədən xəbərdarmış kimi oranı tərk etmişdi. SEPAH-ın Qüds Qüvvələri Yaxın Şərqdə İranın maraqlarını qoruyan və bölgədəki proksi qrupları idarə edən kəşfiyyat bölməsidir. Onun komandanının casus olması, İran cəmiyyətinin vəziyyətini ağırlaşdıracaq. Yəni, bu problemi kütləvi həbs və edamlarla aradan qaldırmaq çətindir”.
S. Soltan qeyd edib ki, yeni ali dini rəhbər Möctəba Xamenei ölkəni idarə etmək iqtidarında deyil:
“İran cəmiyyəti, casusluq etməklə ölkəni yox, "molla rejimini" satdıqlarını düşünürlər. Digər tərəfdən isə, İranın yeni təyin edilmiş Ali rəhbəri Möctəba Xamneinin səhhəti ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi mənbələr onun ağır durumda olduğunu və müalicə üçün Moskvaya getdiyini yazır. Digər bir qisim isə təhlükəsizliyinə görə "yeraltı bunker"də qorunduğunu iddia edir. Möctəba həqiqətən də orada olsaydı, ən azı İran xalqına səsli müraciət edərdi. Onun sosial hesablarında yayımlanan açıqlamaların, özü tərəfindən yazıldığı belə müəmmalıdır. Bu faktlar, Möctəba Xamneinin öldüyünə dair şübhələri artırır. Çox güman ki, onun da aqibəti atasınınkı ilə eyni olacaq”.