İrəvanın bir sıra dairələri sülhü ləngitmək üçün fürsət axtarırlar - Mehman Əliyev

“Paşinyan yekun sülh müqaviləsinin imzalanması üçün revanşist qüvvələr və erməni lobbisi ilə ölüm-dirim savaşındadır"

Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Okamponun yayılan video və səsyazıları Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə təsir göstərmədiyini ortaya qoydu. Prezident İlham Əliyevin ötən gün İrəvanda keçirilən “Avropa Siyasi Birliyi” sammitinə videobağlantı formatında qoşulması bu qənaəti bir daha təsdiqləyir.

Okamponun Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün Avropa İttifaqından alət kimi istifadə etdiyini açıqlaması isə diqqəti Ermənistan-Avropa İttifaqı münasibətlərinə yönəltdi. Lakin N.Paşinyan sammitdə, Avropa standartlarına uyğunluğun əsas vəzifə olduğunu vurğulamaqla, Okamponun ifşa edilən çıxışının heç bir əhəmiyyət kəsb etmədiyini göstərmiş oldu. Bakı-İrəvan münasibətləri və Paşinyan ətrafında formalaşan siyasi proseslər fonunda, gizli oyunlar aparmağa çalışan qüvvələrə qarşı mübarizə də diqqət mərkəzindədir.

Mövzu ilə bağlı tanınmış jurnalist, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Sherg.az-a bildirib ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi hər iki tərəfin liderlərinin bəyanatlarına əsasən sülhə doğru addımlayır: 

“Paşinyan yekun sülh müqaviləsinin imzalanması üçün revanşist qüvvələr və erməni lobbisi ilə ölüm-dirim savaşına qoşulub. Ermənistan nümayəndələri ilə mütəmadi olaraq təmasda oluram. Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, İrəvanın bir sıra dairələri sülh prosesini ləngitmək üçün fürsət axtarırlar. Onlar hələ də, Azərbaycanla münasibətlərin pisləşəcəyinə ümid bəsləyirlər. Xüsusilə də erməni diasporu vasitəsilə fəaliyyət göstərən daşnaklar Azərbaycanda həbsdə olan cinayətkarların azad edilməsi və ermənilərin Qarabağa qayıdışı üzərində dayanaraq milçək kimi ürək bulandırmağa xidmət edirlər”. 

Jurnalist neqativ hallara baxmayaraq, Azərbaycan və Ermənistanın logistika sahəsində böyük irəliləyişlərə nail olduğunu qeyd edib:

“Ölkəmiz etibarlı tərəfdaş statusuna uyğun olaraq, Ermənistana ümumilikdə 12 min ton neft məhsulları ixrac edib. Bununla yanaşı, Qazaxıstan və digər ölkələrdən gələn məhsullar Azərbaycanın ərazisindən tranzit keçməklə Ermənistana göndərilir. Paşinyan ötən gün İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin sammitində Azərbaycanın yaratdığı imkanlara toxunub”. 

M.Əliyevin fikrincə, Ermənistanda Avropayönümlü qüvvələr ən az revanşistlər qədər güclüdür:

“Avropa İttifaqının Paşinyanı dəstəkləməsi proseslərin müəyyən inkişaf trayektoriyası üzrə irəliləyəcəyinə işarə edir. Artıq Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxt çəmbəri daralıb. Anti-Paşinyan bloku Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə pərdəarxasında məkrli planlar hazırlayır. Onlar hakimiyyətə gəlməklə, Azərbaycana qarşı yenidən konfrontasiya siyasəti yürütməyi planlaşdırırlar. Bakı və İrəvan arasında formalaşan gələcək, parlament seçkilərinin nəticələrindən asılı olaraq, taleyin incə tərəzisində qərarlaşıb”.