Türkiyə yenidən Ukrayna-Rusiya danışıqlarında əsas vasitəçi ola bilər
Ukrayna Prezidenti Vladimir Zelenski Moskva və Minsk istisna olmaqla, rusiyalı həmkarı Vladimir Putinlə istənilən ölkədə görüşə hazırdır. Bunu jurnalistlərə açıqlamasında Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib:
“Prezident Zelenski ilə Putin arasında diplomatik münasibətlərdə yeni dinamika əldə etmək üçün görüşün keçirilməsi fikrini dəstəkləyirik. Bu barədə Türkiyə və bəzi digər paytaxtlardan soruşmuşuq. Xüsusilə Türkiyəyə müraciət etmişik. Moskva və Belarusdan başqa bir paytaxt belə bir görüş təşkil edərsə, gedəcəyik. Bu, bizim üçün vacibdir”.
Türkiyənin Azərbaycandakı keçmiş Hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a açıqlamasında Ukraynanın təşəbbüsünü münaqişənin artıq diplomatik mərhələyə keçidi kimi deyil, daha çox hərbi təzyiq fonunda diplomatik kanal açmaq cəhdi kimi qiymətləndirib. Onun sözlərinə görə, Zelenskinin təşəbbüsü simvolik deyil, bu, həm Rusiyanı diplomatik testə çəkmək, həm də beynəlxalq ictimaiyyət qarşısında “danışıqlardan qaçan tərəf biz deyilik” mesajı verməkdir: 
“Bir tərəfdən Volodimir Zelenski Türkiyədə və ya Moskva və Minskdən kənar başqa bir paytaxtda Vladimir Putin ilə görüşə hazır olduğunu bəyan edir, digər tərəfdən isə cəbhədə döyüşlər və uzaqmənzilli zərbələr davam edir: “ Ukrayna rəsmiləri Türkiyə-dən belə bir görüşə ev sahibliyi etməyi xahiş etdiklərini bildiriblər. Paralel olaraq, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da İstanbulda danışıqların bərpasına müsbət yanaşdıqlarını qeyd edib”.
Mövcud vəziyyəti təhlil edən Y. Karauz qeyd edib ki, cəbhədə tükəndirmə müharibəsi gedir, arxa cəbhədə isə strateji infrastruktur hədəfə alınır:
“Rusiya qüvvələri xüsusilə Pokrovsk, Lyman və cənub-şərq istiqamətlərində təzyiqi qoruyur, Ukrayna isə dron-piyada taktikası ilə müəyyən ərazilərdə irəliləyiş əldə etdiyini bildirir. Eyni zamanda, Rusiyanın enerji və logistika obyektlərinə endirilən zərbələr müharibənin iqtisadi-strateji ölçüsünü daha da dərinləşdirir. Zelenskinin görüş təşəbbüsü münaqişənin avtomatik olaraq diplomatik fazaya keçməsi demək deyil. Daha dəqiq desək, müharibə hələ də hərbi mərhələdədir, lakin tərəflər paralel şəkildə siyasi manevr imkanları yaratmağa çalışırlar. Bunu təsdiqləyən əsas məqamlardan biri də son dövrdə eskalasiyanın azalmaq əvəzinə davam etməsidir”.
Ekspert hesab edir ki, Türkiyənin yenidən vasitəçi rolunu üzərinə götürməsi real görünür:
“Ankara həm Kiyev, həm də Moskva ilə dialoq qura bilən azsaylı aktorlardandır və Qara dəniz təhlükəsizliyi ilə enerji marşrutları kimi məsələlərdə prosesin içindədir. Moskvanın da İstanbul formatına prinsipial etiraz etməməsi Türkiyənin əlini gücləndirir. Bununla belə, Türkiyənin rolu məhdud, amma əhəmiyyətli olacaq. Ankara yekun sülh razılaşmasını təkbaşına formalaşdıra bilməsə də, üç istiqamətdə təsirli ola bilər: danışıqlar üçün platforma təmin etmək, təmasları liderlər səviyyəsinə qaldırmaq və humanitar, enerji, eləcə də dəniz təhlükəsizliyi kimi sahələrdə mərhələli razılaşmaların əldə olunmasına vasitəçilik etmək”.