"Bu ölkə xəyanətkarların vergi borcunu ödəyir, erməniləri dəstəkləyir"
İsveçrə dünyada bitərəf mövqeyi ilə tanınsa da, müxtəlif proseslər çərçivəsində atdığı addımlar, neytrallıq imicinə zərbə vurub. Hökümət bitərəf olmasına baxmayaraq, İkinci Dünya müharibəsi dövründə Nasist Almaniyası ilə geniş maliyyə əlaqələri saxlayırdı.
Hətta İsveçrə Almaniyanın yəhudilərdən talan etdiyi qızılları qarşılıqlı ticarət əlaqələri çərçivəsində qəbul etmişdi. Bütün bu əməllər 1996-cı ildə yaradılmış Bergier Komissiyasının araşdırmalarına əsasən təsdiqini tapıb. İsveçrə yalnız yəhudilərə qarşı yox, Azərbaycan əleyhinə də bir sıra addımlar atıb. 2024-cü ildə İsveçrənin Milli Şurası “Dağlıq Qarabağ münaqişəsi”nə dair beynəlxalq forumda Qarabağdan könüllü köçən ermənilərin geri qaytarılması üçün müzakirələr aparırdılar. Lakin onlar, XX əsrin 80-ci illərinin sonlarında, ermənilərin təcavüzü ilə ata-baba yurdlarından zorla qovulmuş azərbaycanlılar üçün səslərini çıxarmadılar. Bütün bunlara rəğmən, İsveçrənin özünü tam bitərəf dövlət kimi təqdim etməsi inandırıcı ola bilməz.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Sherg.az-a bildirib ki, İsveçrə öz mənfəəti naminə qurbanların sərvətini talan etməkdən çəkinməyib:
“İsveçrə özünü bitərəf siyasət yürüdən dövlət kimi təqdim etsə də, praktikada hər zaman ikili standartlara əsaslanan mövqe sərgiləyib. İkinci Dünya müharibəsinə qoşulmasa da Nasist Almaniyası ilə əlaqələri olub. İsveçrə artıq İslamafobiyanın mərkəzlərindən birinə çevrilir. Bunu da hüquq və dəyərlər çətiri arxasında gizlətməyə çalışır. Biz İsçevrənin Azərbaycanın daxilində, xarici gücün maraqlarını müdafiə edən qrupları necə hazırladıqlarını da gördük. Onların Azərbaycan dəyərlərinə qarşı Emin Hüseynovun timsalında təxribatçı mövqeyə gətirildiklərinin şahidi olduq” .
Deputatın sözlərinə görə, İsveçrə höküməti erməniləri dəstəkləməklə yanaşı xəyanətkarların vergi borcunu ödəyir:
“Hazırkı mərhələdə İsveçrənin qərəzli mövqeyini ifşa etməliyik. Onun hesabına bu hökumətin nümayəndələrinin hansı işlər gördüyünü ictimaiyyətin diqqətinə çatdırmalıyıq. İsveçrə beynəlxalq hüquqa selektiv yanaşaraq, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyib. Hökumət daima erməni separatizmini ölkəmizə qarşı dəstəkləməyə çalışıb. Azərbaycan beynəlxalq hüququ bərpa etdikdən sonra “ermənilərin hüquqları” adı altında yenidən erməni hərbi cinayətkarlarını dəstəkləməyi seçib. Hətta bunu parlament müzakirələri səviyyəsinə qaldırıblar. İsveçrənin qərəzli addımlarına qarşı Azərbaycanın formalaşmış mövqeyi var. Biz bu ölkənin nə ilə məşğul olduğunu həm daxili auditoriyaya, həm də beynəlxalq təşkilatlara çatdırmalıyıq”.