Koçaryanın gücü Kremldən gəlir - ŞƏRH

Sabiq prezident Ermənistanı yenidən Rusiyanın orbitinə qaytara bilər

Koçaryan Rusiyanın Ermənistandakı əsas “kozır”ına çevrilib

Ermənistanda parlament seçkiləri siyasi arenada rəqib komandaların sərt mübarizəsi ilə yadda qalır. Ölkənin sabiq prezidentləri, Serj Sarkisyan ilə Robert Koçaryan, Paşinyanın qarşısında durmaqla yanaşı bir-birlərinə də qənim kəsiliblər. Vaxtilə "Qarabağ klanı"nın mühüm siması kimi, müttəfiqlik münasibətində olanlar, indi hakimiyyət uğrunda düşmənə çevriliblər.

Ölkə daxilində Sarkisyan ilə Koçaryana təxribatçı əməllərinə görə, Azərbaycan və Ermənistanın sülh prosesinə təsir göstərməyə çalışan "ziyanverici həşərat" kimi baxılır. Taleləri bir çox məqamda üst-üstə düşən fiqurların, ittiham olunduqları maddələr də eynidir. Onlar vaxtilə korrupsiya, vəzifə səlahiyyətindən sui-istifadə və dövlətə maddi ziyan vurmaq ittihamları ilə üzləşiblər. Ermənistan xalqının sərvətindən doymayan, sabiq prezidentlər yenidən hakimiyyətə gəlmək məqsədilə parlament seçkilərində iştirak edəcəklər. Seçki ərəfəsində onların bir-birini tənqid etməsi siyasi rəqabəti daha da kəskinləşdirir.

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, Koçaryan Ermənistanda Rusiyanın maraqlarını müdafiə edən əsas siyasi fiqur kimi çıxış edir:

“Koçaryan, Ermənistanı yenidən Rusiyanın çətiri altına salmaq niyyətindədir. Vaxtilə Serj Sarkisyan da Rusiya ilə yaxın münasibətlərdə olub. Ancaq müqayisədə Koçaryan Rusiyaya daha yaxın tərəfdaşdır. Ona görə də Koçaryan Rusiya üçün Ermənistandakı etibarlı fiqur hesab olunur. Ermənistanda 2018-ci ildə Sarkisyanın prezidentlikdən sonra baş nazir olmağa cəhd göstərməsi, “Məxməri inqilab”a səbəb olmuşdu. Etirazlara müxalifət lideri Nikol Paşinyan rəhbərlik edirdi. Lakin Sarkisyan, kütləvi narazılıq nəticəsində istefa verməyə məcbur qaldı. Rusiya dairələrində isə onun hakimiyyəti gizli formada təhvil verdiyinə dair şübhələr yarandı. Sarkisyanın prosesləri nəzarətdə saxlaya bilməməsi Rusiyanın ona olan “etibarlı tərəfdaş” gözləntisini sarsıtdı”. 

Politoloqun sözlərinə görə, Rusiyanın hərbi-siyasi dairələrində Koçaryana münasibət yüksək səviyyədədir:

“Koçaryanın Rusiyada nüfuzunun güclü olmasının digər səbəbi, Prezident Putinlə şəxsi əlaqələrinin olmasıdır. Təsəvvür edin ki, Putin Koçaryanın hər il doğum gününü təbrik edir. Əgər parlament seçkilərində Koçaryan qələbə qazanarsa, onun siyasəti Ermənistanı yenidən Rusiyanın orbitinə yaxınlaşdırmaq və regiondakı strateji əməkdaşlığı gücləndirmək istiqamətində formalaşacaq. Parlamentdə üstün vəzifə tutmaq uğrunda Sarkisyan ilə Koçaryan arasındakı rəqabət açıq qarşıdurmaya çevrilib. Koçaryan yeni siyasi blok yaradan Samvel Karapetyanla əməkdaşlıq etmək niyyətində idi. Sarkisyan daha öncə Ermənistanın iki əsas ana müxalifət qüvvəsinin olduğunu bildirmişdi. Onun sözlərinə görə, bunlardan biri Koçaryana, digəri isə Karapetyanın yaratdığı yeni siyasi partiyaya aiddir”. 

A.Nərimanlı bildirib ki, Sarkisyanla Koçaryan arasında keçmişdən gələn xüsusi intriqa var:

“Onlar Paşinyanın hakimiyyətdən gedib-getməməsi məsələsində fikir ayrılığı yaşayırlar. Görünən odur ki, parlament seçkilərində Koçaryanın qarşısında hakimiyyətlə yanaşı, Sarkisyan da rəqib kimi dayanacaq. Karapetyanın Koçaryan və Sarkisyandan uzaqlaşmasının səbəbi onların xalq arasındakı reputasiyasının zəif olmasıdır. Bununla belə, Karapetyan ilə Koçaryan arasında gizli əməkdaşlığın mövcudluğu da istisna edilmir. Çünki hər iki fiqur Rusiyanın adamıdır. Xüsusən də Samvel Karapetyanın qardaşı, sabiq baş nazir Karen Karapetyan faktiki olaraq Koçaryanın komandasında yer alır. Vaxtilə onun baş nazir postuna gətirilməsində də Koçaryanla Samvel Karapetyan arasında gizli əməkdaşlıq olub. Onlar yenidən ortaq maraqlar çərçivəsində birləşərək, Sarkisyanı təkləyə bilərlər”.