Köçəryan Kremlin köhnə kartıdır, Moskvanın yeni favoriti Karapetyandır - ŞƏRH

Asim Mollazadə: “Paşinyan Qarabağ klanını susdurmaq üçün Azərbaycan ərazilərinin adlarını sadalayır”

Ermənistanda parlament seçkilərinin vaxt çəmbəri daraldıqca, siyasi dairələrdə təzyiq mexanizmləri də güclənir. İyunun 7-də keçiriləcək seçkilərdə, Baş nazir Nikol Paşinyanın qarşısında sabiq prezident Robert Köçəryan, rusiyalı milyarder Samvel Karapetyan və biznesmen Qaqik Sarukyan dayanır. Müxalif blokla, Paşinyanın mövqeyi arasındakı əsas fərqlər, Azərbaycanla bağlıdır.

Revanşist qüvvələr parlament seçkiləri yaxınlaşdıqca ərazi iddialarını qabarıq şəkildə ermənilərin şüuruna yeritməyə çalışırlar. Ötən gün Köçaryan ermənilərin Qarabağa qayıdışından başqa heç bir iddialarının olmadığını açıqlayıb. Paşinyan isə Sarukyan, Karapetyan və Köçəryan birliyini “üçbaşlı müharibə koalisiyası” adlandırıb. Baş nazir bu günki açıqlamasında, Qarabağ məsələsinin tamamilə bağlandığını açıqlayıb. O, Qarabağla yanaşı Naxçıvana, Bakıya, Sumqayıta, Gəncəyə və Yevlaxa qayıtmağın mümkünsüzlüyündən bəhs edərək, Azərbaycan torpaqlarının adını tək-tək sadalayıb.

Mövzu ilə bağlı millət vəkili, politoloq Asim Mollazadə Sherg.az-a bildirib ki, Paşinyanın bu açıqlaması “Qarabağ klanı”nı susdurmağa xidmət edir: 

“Çünki Rusiyanın xüsusi xidmət orqanlarına bağlı olan revanşist qüvvələr, Azərbaycan torqaqlarından əl çəkmək niyyətində deyillər. Paşinyan revanşist qüvvələrin məkrli planlarına görə Yevlax da daxil olmaqla, Azərbaycan ərazilərinin adlarını tək-tək sadalamağa məcburdur. O, nə qədər sülhdən danışsa da, Köçaryanın dilindən Qarabağ düşmür. Köçaryan və onun kimilər Rusiyanın imperialist ideyalarını gerçəkləşdirməyə xidmət edirlər”. 

Politoloqun sözlərinə görə, Köçaryanın Rusiya prezidenti ilə danışığının ortaya çıxması, revanşist qüvvələrin maskalarının düşməsinə səbəb oldu:

“Köçaryan hər zaman Rusiyanın hərbi kəşfiyyat xidmətinin agenti olub. O, Baş nazir olmaq üçün Rusiyaya yalvarsa da, Kremlin bu vəzifəyə uyğun bildiyi namizəd Karapetyandır. Çünki Moskva kifayət qədər “Koçaryan kartı”ndan yararlanıb. 200-dən çox şirkətə və milyonlara sahib olan Karapetyan, Kreml üçün daha cəlbedici namizəddir. Onun maliyyə imkanları vasitəsilə məkrli planları həyata keçirəcəklər”. 

A.Mollazadə qeyd edib ki, Ermənistanda aparılan anket sorğuları, xalqın əksər hissəsinin Paşinyanı dətəklədiyini ortaya qoyur:

“Hər şeydən əlini üzən revanşist qüvvələr ən sonda terrora əl atıb, hakimiyyət çevrilişinə cəhd göstərə bilərlər. Tarixi keçmişə nəzər salsaq görərik ki, Ermənistanda dəfələrlə hakimiyyəti ələ keçirmə planları, kütləvi siyasi etirazlarla hökumət dəyişiklikləri baş verib. Lazım gələrsə, revanşist qüvvələr hakimiyyətə terror yolu ilə gələcəklər”.