"Paşinyan Azərbaycanın şərtini yerinə yetirmək üçün alternativ yollar axtarmalıdır"
"Təsəvvür edin ki, 40 faizə yaxın vətəndaş səsvermədə iştirak etməyib. Vətəndaşlar arasında seçkilərə qarşı apatiya müşahidə olunur"
Parlament seçkilərindən öncə siyasi dairələr, Ermənistan xalqının taleyini düşünürdü. İyunun 7-də açıqlanan nəticələr isə bu düşüncəni başqa istiqamətə yönləndirdi. Hazırda proseslər xalqdan ziyadə, Paşinyanın taleyinin necə olacağı üzərində düyünlənib.
Çünki Baş nazirin “Vətəndaş Müqaviləsi” partiyası konstitusion çoxluğa çata bilmədi. Bu da Paşinyan hökümətinin konstitusiya dəyişikliyi edə bilməyəcəyi anlamına gəlir. Paşinyan Azərbaycanla sülh naminə hansı vədləri verirsə-versin, parlamentdəki səs çatışmazlığı onun hüquqi iradəsini məhdudlaşdırır. Hazırda Paşinyan hökumətini çıxılmaz vəziyyətə salan əsas kilid məqam məhz bunun üzərində dayanır.
Mövzu ilə bağlı Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Sherg.az-a bildirib ki, konstitusion çoxluqdan məhrum olmaq Paşinyana başağrısı gətirəcək:
“O, artıq Azərbaycanın irəli sürdüyü kontitusiya dəyişikiyini reallaşdırmaq üçün alternativ yollar axtarmalıdır. Çünki yekun sülh sazişinə gedən yol kontitusiya dəyişikliyindən keçir. Konstitusiya dəyişikliyi həyata keçirmək üçün ilk növbədə referendum baş tutmalıdır. Parlament seçkilərində toplanan səslərin yenidən hesablanması sabah başa çatacaq. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülhün taleyi parlament seçkilərinin nəticələrdən asılıdır".
Sabiq nazirin sözlərinə görə, referendumun keçirilməsi son dərəcə mürəkkəb prosesdir:
“İlk növbədə, hazırlanmış layihə ölkənin hüquqi prinsiplərinə uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə göndərilir. Əgər məhkəmədən müsbət rəy gələrsə, sənəd yenidən parlamentə qayıdır. Bu zaman deputatların ən azı 2/3-sinin dəstəyi lazımdır. Konstitusiya tələbi yerinə yetirilmədən, sülh sazişi imzalana bilməz. Çünki Konstitusiya dəyişmədən imzalanan saziş, sadəcə kağız parçası olaraq qalacaq”.
E. Məmmədyarov, Avropa İttifaqı və Paşinyan hökumətinin seçki prosesində saxtakarlığa yol verməsi barədə yayılan iddialara da münasibət bildirib:
“Administrativ resursların seçkilərə təsiri qlobal bəlaya çevrilib. Nəinki Ermənistan, hətta ABŞ və Avropa İttifaqı kimi demokratik sistemlərdə belə, səsvermə prosesində administrativ imkanlar siyasi məqsədlərə alət edilir. Ermənistanda seçici fəallığının 60 faiz təşkil etməsi, nəticənin necə olacağını öncədən göstərirdi. Təsəvvür edin ki, 40 faizə yaxın vətəndaş səsvermədə iştirak etməyib. Vətəndaşlar arasında seçkilərə qarşı apatiya müşahidə olunur. Əgər xalq səsvermə günü evində qalmağı üstün tutursa, bu onların hökumətə və digər siyasi qüvvələrə etimad etmədiyini göstərir”.