Konstitusiya islahatı ictimaiyyətə seçkilərdən sonra təqdim olunacaq - ŞƏRH

"Əgər Paşinyan yenidən siyasi legitimlik qazansa bu, onun üçün ciddi siyasi nailiyyət kimi qiymətləndirilə bilər”

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra ölkənin yeni konstitusiyasının mətninin dərc olunma ehtimalını istisna etməyib. Nikol Paşinyan “Facebook”da seçki proqramı ilə bağlı videomüraciətində bildirib:

“Əgər biz bu gün yeni Konstitusiya qəbul etsək və həmin Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad olarsa, bu, o demək olacaq ki, biz “Qarabağ hərəkatını” davam etdiririk. Əgər biz Qarabağ hərəkatını davam etdiririksə, bu o deməkdir ki, biz Azərbaycanla münaqişəni yenidən alovlandırırıq, biz Azərbaycanla münaqişəni yenidən başladırıqsa, bu, sülhün mümkün olmaması deməkdir”. Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.

Politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına mane olan əsas məsələlərdən birinin məhz Ermənistanın Konstitusiyası ilə bağlı olduğunu xatırladıb:

“Azərbaycanın mövqeyinə görə, yekun sülh sazişinin imzalanması üçün Ermənistanın əsas qanunvericilik sənədində ərazi iddialarının yer almaması vacib şərtlərdən biridir. Ermənistan hakimiyyətinin də bu istiqamətdə müəyyən addımlar atmağa hazırlaşdığı müşahidə olunur. Azərbaycan Ermənistana beş maddədən ibarət sülh təklifləri təqdim edib və bu təkliflər ətrafında müzakirələr aparılıb. Həmin əsas tələblərdən biri də Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı yer alan ərazi iddialarının aradan qaldırılmasıdır. Azərbaycan hesab edir ki, Konstitusiyada bu iddiaların qalması münaqişə məntiqinin davam etməsi deməkdir. Bu isə regionda gərginliyin davam etməsi və yeni risklərin yaranması deməkdir. Bu baxımdan Paşinyanın Konstitusiyada dəyişikliklərlə bağlı addımı müəyyən mənada məntiqli hesab olunur. Əgər Ermənistan regionda sülh və əməkdaşlıq şəraitində yaşamaq istəyirsə, qonşularına, xüsusilə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməli və bunun əks olunduğu hüquqi sənədlərdə müvafiq dəyişikliklər etməlidir. Paşinyanın açıqlamalarından da görünür ki, konstitusiya layihəsi üzərində iş davam edir, lakin sənədin ictimaiyyətə təqdim olunması hələlik gecikir. Rəsmi izaha görə, bunun səbəbi hökumət daxilində dövlət idarəetmə sistemi və konstitusiyanın bəzi fundamental müddəaları ilə bağlı mövcud fikir ayrılıqlarıdır”. 

Politoloq qeyd edib ki, Paşinyanın seçki proqramında konstitusiya islahatı məsələsini gündəmə gətirməsi təsadüfi deyil. Bu, bir tərəfdən hakimiyyətin uzunmüddətli siyasi strategiyasının tərkib hissəsidir, digər tərəfdən isə cəmiyyətin müxtəlif təbəqələrinin reaksiyasını ölçmək üçün bir növ “siyasi test” funksiyası daşıyır: “Ermənistanın yeni konstitusiya prosesi təkcə hüquqi islahat deyil, həm də daxili siyasi güc balansı və regional münasibətlər fonunda strateji əhəmiyyət daşıyan bir proses kimi çıxış edir. Buna görə də sənədin ictimaiyyətə təqdim olunmasının seçkilərdən sonra baş tuta biləcəyi ehtimal olunur. Əgər Paşinyan seçkilərdən sonra yenidən siyasi legitimlik qazanaraq bu məsələni həll edərsə və sülh müqaviləsinə hazır olduğunu rəsmən bəyan edərsə, bu, onun üçün ciddi siyasi nailiyyət kimi qiymətləndirilə bilər”.