İmzalanan sənədlər tərəflərin bir-birini etibarlı tərəfdaş kimi gördüyünü təsdiqləyir
Azərbaycanın beynəlxalq aləmdə artan rolu, Baltikyanı ölkələrin də marağını cəlb etməyə başlayıb. 9 il sonra ölkəmizə yenidən yolu düşən Latviya prezidenti Azərbaycanın dəyişən memarlıq arxitekturasına heyran qalıb. Latviyalı həmkarını xüsusi mərasimlə qarşılayan İlham Əliyev, görüşün ikitərəfli əməkdaşlıq imkanlarının genişlənməsi üçün əlverişli zəmin yaradacağına əminliyini ifadə edib. Liderlər görüş zamanı, Yaxın Şərqdə və Avropada baş verən siyasi hadisələr, eləcə də regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Latviyadan gələn nümayəndə heyətinin çoxluğu isə diqqət çəkib. Ölkənin lideri, səfər proqramını ixtisar etməyin çətin olduğunu, hər kəsin Azərbaycanı görməyə can atdığını vurğulamaqla, məsələyə aydınlıq gətirib. Ölkələr arasında əməkdaşlıq əlaqələri imzalanan müqavilələrlə təsdiqini tapıb. Hər iki dövlətin rəsmi nümayəndələri təhlükəsizlik, kənd təsərrüfatı, diplomatiya, qida təhlükəsizliyi və sərhəd əməkdaşlığı kimi strateji sahələri əhatə edən sənədlər imzalayıblar.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, Avrasiya coğrafiyasında son dərəcə ciddi proseslər müşahidə olunur:
“Regiona daxil olan ölkələr böhranla üz-üzə qalıblar. Bu vəziyyət həmin ölkələr üçün digər dövlətlərlə əməkdaşlıq imkanlarının genişləndirilməsini zəruri edir. İnkişaf etməkdə olan ölkələr çoxtərəfli görüşlərə və əməkdaşlığa üstünlük verərkən, böhranla üzləşənlər ikitərəfli diplomatiyaya ehtiyac duyurlar. Çünki iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi etibarlı və dinamik nəticələr verir”.
Politoloqun sözlərinə görə, Azərbaycan-Latviya zirvə görüşü iki ölkənin qarşılıqlı əməkdaşlığa böyük ümid bəslədiyini ortaya qoydu:
“Digər tərəfdən isə Azərbaycan Avrasiya məkanında enerji təhlükəsizliyinin təminatçısı kimi möhkəm mövqeyə sahibdir. Şərqi Avropa və Balkan ölkələri Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsini prioritet hesab edirlər. Azərbaycan həm enerji, həm də nəqliyyat sahəsində tammiqyaslı infrastruktur formalaşdıraraq inkişafını davam etdirir. Paralel olaraq, ölkədə rəqəmsallaşma şəbəkəsi də sürətlə formalaşmaqdadır. Bu üç strateji seqment ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirir”.
T.Abbasov vurğulayıb ki, Latviya da strateji baxımdan Azərbaycanla paralel şəkildə regionda "açar" rolunu oynayır:
“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində, Latviya isə Baltik regionu və Avropa daxilində tranzit xətləri üzrə əsas qovşaq statusuna malikdir. Latviya prezidentinin Azərbaycana 9 il bundan qabaq gəlməsinə baxmayaraq, iki ölkə arasında münasibətlər davamlı xarakter daşıyıb. Artıq münasibətlər tərəflər arasında imzalanan çoxşaxəli sənədlərə əsasən daha da möhkəmlənəcək”.
Analitikin fikrincə, imzalanan sənədlər tərəflərin bir-birini etibarlı tərəfdaş kimi gördüyünü təsdiqləyir:
“Görüşdə prezidentlərdən əlavə, diplomatik nümayəndə heyyətlərinin də iştirak etməsi, Azərbaycan-Latviya münasibətlərinin gələcəkdə geniş spektrli əməkdaşlığa doğru inkişaf edəcəyini göstərir. İki ölkənin də rəsmiləri bir-birinin müsbət təcrübəsindən yararlanaraq mövcud boşluqları doldurmağa çalışacaqlar”.
T.Abbasov bildirib ki, Latviya ilə Azərbaycan arasındakı coğrafi uzaqlıq əməkdaşlığın inkişafına mane olmayacaq:
“Azərbaycan nəqliyyat və kommunikasiya xətlərinin inkişafı sahəsində mühüm nailiyyətlər əldə edib. Azərbaycanın tranzit və əməkdaşlıq siyasətində Baltikyanı, Şimali Avropa və Skandinaviya istiqamətləri strateji əhəmiyyət daşıyır. Latviya da Azərbaycanla əməkdaşlığı qarşılıqlı üstünlüklərdən maksimum faydalanmaq prinsipi əsasında quracaq. Latviyanın Azərbaycanla əməkdaşlığa üstünlük verməsi, Avropa İttifaqı və Baltik ölkələrinin Bakının artan nüfuzuna diqqət yetirdiyini göstərir”.