- Rusiya xarici işlər naziri qeyd edib ki, Avropa İttifaqı iqtisadi üstünlüklərini itirir, lakin bəzi ölkələr hələ də Aİ-yə üzv olmağa can atırlar
Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyi “çox tezliklə” aradan qalxacaq.
Sherg.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şərq İqtisadi Forumunda (ŞİF) çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı yürütdüyü siyasət səbəbindən iqtisadi üstünlüklərini itirir. Bununla belə, bəzi ölkələr hələ də Aİ-yə üzv olmağa can atırlar.
“İqtisadi baxımdan Avropa İttifaqı bir çox amillərin, o cümlədən öz uzaqgörməzliyinin, hətta axmaqlıq deməmək üçün, nəticəsində üstünlüklərini itirir”, -Lavrov deyib.
Bununla yanaşı, Ermənistanda və Serbiyada Aİ-yə qoşulmaq istəyindən danışmaqda davam edirlər.
“Bizim serbiyalı dostlarımız, eləcə də hazırda burada olan erməni həmkarlarımız deyirlər: biz Avropa İttifaqına üzv olmaq istəyirik. Mən əminəm ki, onların bu istəyi çox tezliklə aradan qalxacaq”, — Rusiya XİN rəhbəri bildirib.
Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan Ermənistanın parlamenti 2025-ci ilin martında ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başlanmasına dair qanun qəbul edib. Həmin ilin aprelində Ermənistan Prezidenti Vaahn Xaçaturyan bu qanunu təsdiqləyib.
Mayın 9-da Rusiya Prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında bildirib ki, İrəvan Aİ və ya Aİİ-də iştirak məsələsində mümkün qədər tez qərar verməlidir və “mədəni şəkildə ayrılma” ehtimalını irəli sürüb. Onun sözlərinə görə, bu məsələ ilə bağlı referendum keçirmək mümkün olardı.
Öz növbəsində, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 11-də jurnalistlərə bildirib ki, Ermənistan Aİİ-nin tamhüquqlu üzvü olaraq qalır və referendumun keçirilməsi yalnız “obyektiv zərurət” yarandığı halda mümkün ola bilər.
Bundan sonra Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistanda Aİ standartlarına keçidlə bağlı müəyyən işlər aparılır. Onun sözlərinə görə, ölkə texniki reqlamentlərə dəyişiklik etməyə başlayarsa, “bu, artıq Aİİ üçün müəyyən təhdidlər yaradacaq”.
29 may 2026-cı ildə Astanada keçirilən Aİİ sammitində bu ittifaqa üzv ölkələrin liderləri birgə bəyanatla çıxış ediblər. Bəyanatda, xüsusilə, Ermənistanda Aİ-yə üzvlük və ya Aİİ-də qalmaq məsələsi ilə bağlı referendumun mümkün qədər tez keçirilməsinin zəruriliyi qeyd olunub.
Rusiya Prezidenti Vladimir Putin Aİİ-nin Astanada keçirilən sammitinin yekunlarına dair bildirib ki, Ermənistan Aİİ-dən çıxacağı təqdirdə ÜDM-in 14 faizini itirə bilər.
Statistik məlumatlara əsasən, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə xarici ticarət dövriyyəsinin təxminən 40 faizini itirəcək.