ABŞ-də federal məhkəmə Vaşinqtondakı Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzində genişmiqyaslı dəyişikliklər, o cümlədən binanın mümkün sökülməsi barədə ən azı 30 gün əvvəl yazılı məlumat verilməsini tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə ilkin olaraq “The Washington Post” məlumat yayıb.
Qərarı federal hakim Kristofer Kuper qəbul edib. O, Ohayo ştatından demokrat konqresmen Coys Bittinin ABŞ Prezidenti Donald Tramp administrasiyasının mərkəzin taleyi ilə bağlı birtərəfli qərar vermək səlahiyyətinin olmadığının təsdiqlənməsi barədə vəsatətini təmin etməyib. Bununla belə, hakim administrasiyadan sentyabrın 23-dək kompleksin hazırkı vəziyyəti barədə hesabat təqdim etməyi tələb edib.
Məhkəmənin qərarına əsasən, mərkəzdə əsaslı yenidənqurma və ya söküntü işlərinə başlanmazdan ən azı 30 gün əvvəl bununla bağlı planlar yazılı şəkildə açıqlanmalıdır. Təcili zəruri təmir işlərinin aparılmasına isə icazə verilib.
Bitti məhkəməyə təqdim etdiyi sənədlərə Donald Trampın Kennedi Mərkəzinin mümkün sökülməsi ilə bağlı olduğu ehtimal edilən materiala baxdığını göstərən fotonu da əlavə edib. “The Washington Post” qeyd edir ki, foto həmin sənədin kim tərəfindən hazırlandığını və administrasiyanın mərkəzi həqiqətən sökməyi planlaşdırıb-planlaşdırmadığını təsdiqləmir.