Əslində Ermənistan cəmiyyətinin çoxu Paşinyanın Qərbə inteqrasiya proqramını dəstəkləyir
Ermənistanın Qərblə yaxınlaşması fonunda Moskva ilə İrəvan arasında siyasi gərginlik getdikcə dərinləşir. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Ermənistanın “təhlükənin mənbəyində müdafiə axtarması” ilə bağlı açıqlaması həm Paşinyan hakimiyyətinə təzyiq, həm də Ermənistan cəmiyyətinə yönəlik siyasi xəbərdarlıq xarakteri daşıyır: “Bir çox problem var və onları birlikdə həll edəndə daha təsirli olur. KTMT-dəki erməni tərəfdaşlarımızın bunu anlamaması və birbaşa təhlükənin mənbəyində müdafiə axtarması təəssüf doğurur”.
Şoyqu əlavə edib ki, bu, Ermənistan rəhbərliyinin seçimidir və o ölkəsi və xalqının gələcəyi üçün məsuliyyət daşıyır.
Siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Ermənistanla bağlı səsləndirdiyi fikirlər Moskvanın İrəvanın son dövrlərdə apardığı siyasi kursdan ciddi şəkildə narahat olduğunu göstərir. Onun sözlərinə görə, Ermənistan artıq faktiki olaraq Rusiyanın təhlükəsizlik orbitindən uzaqlaşma siyasəti yürüdür:
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında de- yure fəaliyyətini dayandırıb. Bununla yanaşı, Rusiyanın dominant olduğu digər platformalardakı aktivliyini də minimuma endirib. Bu isə təbii olaraq Moskvada ciddi narahatlıq yaradır. Xüsusilə Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Rusiya rəsmilərindən İrəvana yönəlik təhdid xarakterli və siyasi mesaj daşıyan açıqlamaların sayı artır. Sergey Şoyqunun son bəyanatı da məhz bu kontekstdə qiymətləndirilməlidir”.
Politoloq hesab edir ki, Kreml Nikol Paşinyanın yenidən hakimiyyətdə qalacağı təqdirdə Ermənistanın Qərbə inteqrasiyasının daha da sürətlənəcəyindən ehtiyat edir: “Rusiya hesab edir ki, Paşinyan yenidən baş nazir seçilərsə, Ermənistan tam şəkildə Qərbə inteqrasiya kursunu davam etdirəcək və Moskvanın təsir dairəsindən çıxmaq istiqamətində daha sərt addımlar atacaq. Bu prosesin nəticəsində Ermənistanın gələcəkdə KTMT-dən de-yure çıxması ehtimalı da artır. Hazırda İrəvanın təhlükəsizlik siyasətində əsas prioritet artıq Rusiya deyil, Qərblə siyasi və hərbi əməkdaşlığın genişləndirilməsidir”.
M.Əsədullazadənin fikrincə, Rusiya Ermənistan cəmiyyətini hələ də öz strateji müttəfiqi kimi təqdim etməyə çalışsa da, ölkədaxili siyasi mənzərə fərqli mesaj verir: “Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır. Amma son illərdə baş verən proseslər göstərir ki, Ermənistan cəmiyyətinin müəyyən hissəsi artıq Nikol Paşinyanın Qərbə inteqrasiya proqramını dəstəkləyir. Rusiyanın sərt ritorikası isə qarşıdakı seçkilərə təsir göstərmək məqsədi də daşıyır. Rusiya həm siyasi bəyanatlar, həm informasiya təzyiqi, həm də Ermənistandakı revanşist və radikal qüvvələr üzərindən Paşinyana qarşı təsir imkanlarını qorumağa çalışır. Kreml anlayır ki, Ermənistanın tam şəkildə Qərbə yönəlməsi Cənubi Qafqazda Rusiyanın geosiyasi mövqelərinə ciddi zərbə ola bilər. Ona görə də Moskva bir tərəfdən təzyiq mesajları verir, digər tərəfdən isə Ermənistan daxilində özünə yaxın qüvvələrin mövqelərini gücləndirməyə çalışır”.