Onun dövlət rəsmiləri ilə qapalı görüşlər keçirməsi, qərarların qəbulunda iştirak etməsi ehtimalı yüksəkdir
İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei vəziyyətə nəzarət edir və atəşkəslə bağlı qərarı şəxsən özü verib.
Bu barədə İranın Ali Rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Həkim TASS-a açıqlamasında deyib. “Ali rəhbərdə hər şey qaydasındadır, hər şey onun nəzarəti altındadır. O, ofisinə gəlir, rəsmilərlə - prezident və parlament üzvləri ilə görüşlər keçirir. Atəşkəslə bağlı qərar ona məxsusdur”, - nümayəndə bildirib.
Qeyd edək ki, bundan əvvəl Qərb mətbuatında Müctəba Xameneinin ağır yaralandığı və komada olduğu barədə xəbərlər yayılıb.
Politoloq Zeynal Əmralıyev Sherg.az-a bildirib ki, Seyid Müctəba Xameneinin ölümü ilə bağlı yayılan məlumatlar daha çox informasiya müharibəsinin tərkib hissəsidir və real vəziyyəti əks etdirmir. Onun fikrincə, belə həssas və strateji əhəmiyyət daşıyan bir hadisənin uzun müddət gizli saxlanılması praktiki olaraq mümkün deyil. Çünki İran kimi siyasi baxımdan mürəkkəb və çoxqatlı idarəetmə sisteminə malik dövlətdə bu cür informasiya gec-tez müxtəlif kanallarla ictimaiyyətə sızır: “Əgər söhbət doğrudan da ölüm faktından getsəydi, bu halda ölkə daxilində ciddi siyasi və institusional proseslər işə düşərdi. Xüsusilə də ali dini-siyasi rəhbərliklə bağlı məsələlər Ekspertlər Şurası kimi strukturların iştirakı ilə müzakirə olunmalı və rəsmi qərarlar qəbul edilməli idi. Bu isə istər-istəməz geniş ictimai rezonans doğurardı və gizli qalması mümkün olmazdı. Əgər Seyid Müctəba Xameneinin səhhəti kritik həddə olsaydı və ya o, komada olsaydı, onun mümkün siyasi perspektivləri ilə bağlı müzakirələr də avtomatik olaraq dondurulardı. Ölümcül vəziyyətdə olan bir şəxsin ali rəhbərlik kimi strateji post üçün namizəd kimi təqdim olunması məntiqi və siyasi baxımdan inandırıcı deyil. Rəsmi mənbələr onun yaralandığını, lakin vəziyyətinin nəzarət altında olduğunu bildirir”.
Politoloq ehtimal edir ki, baş vermiş hadisə zamanı aldığı xəsarətlər nəticəsində onun fiziki hərəkətlərində müəyyən məhdudiyyətlər yaranmış ola bilər. Bu səbəbdən də onun mediada və ictimai tədbirlərdə görünməməsi təbii qarşılanmalıdır. Digər tərəfdən, yüksək vəzifəli şəxslərin təhlükəsizlik səbəbilə bir müddət ictimaiyyət qarşısına çıxmaması praktikada tez-tez rast gəlinən haldır: “Güman ki, Seyid Müctəba Xamenei hazırda ölkə daxilindədir və siyasi proseslərə təsir imkanlarını qoruyub saxlayır. Onun dövlət rəsmiləri ilə qapalı görüşlər keçirməsi, qərarların qəbulunda iştirak etməsi ehtimalı yüksəkdir. Bu baxımdan, onun tam şəkildə prosesdən kənarlaşması ilə bağlı iddialar daha çox spekulyativ xarakter daşıyır. Bu cür məlumatların yayılması regionda gedən gərgin geosiyasi proseslərin fonunda psixoloji və informasiya təsiri yaratmağa hesablanıb”.