“Hörmüzdəki məhdudiyyətlər Trampın gələcək seçkilərinə zərbə vuracaq”
İran ABŞ və İsrail arasında fevralın 28-dən etibarən başlayan müharibə, gərgin pauzada davam edir. ABŞ və İsrail orduları İranın raket imkanlarını məhdudlaşdırmaq, donanmasını sıradan çıxarmaq və Tehranın dəstəklədiyi silahlı qrupların yaratdığı təhdidləri aradan qaldırmaq niyyətində olduqlarını açıqlayıblar.
Bu məqsədlə İrana endirilən zərbələrlə yanaşı, onun proksi qüvvələri hesab olunan “Həşd-Şabi”nin hərbi bazaları da hədəfə alınır. Münaqişə yalnız hərbi müstəvidə deyil, informasiya cəbhəsində də kəskin qarşıdurma ilə müşayiət olunur. İranın yeni ali rəhbəri Möctəba Xamenei çıxışında, ölkənin parçalanmasının qarşısını aldığını bəyan edərək, xalqı milli birlik ətrafında səfərbər olmağa çağırıb. O, Hörmüz boğazını bağlamaqla, ABŞ-nin regiondakı fəliyyətinə zərbə vuracaqlarını bildirib. ABŞ prezidenti isə, İranı enerji sistemini bir saat ərzində məhv etməklə hədələyib. Yaxın Şərqdəki vəziyyət regional təhlükəsizlik və qlobal enerji bazarları üçün təhdidə çevrilib.
Mövzu ilə bağlı siyasi şərhçi, Zaur İbrahimli Sherg.az-a bildirib ki, İranın İsrailə yüksək çəkili bombalarla zərbələr endirməsi, Tehranın silah potensialının hələ tükənmədiyini göstərir:
“Müharibəyə başlamazdan əvvəl ABŞ və İsrail İranın raket potensialını qiymətləndirərkən müəyyən səhvlərə yol veriblər. Hələlik İranın müharibəni davam etdirmək potensialı mövcuddur. Lakin uzun müddətli müharibə, İranın hazırkı vəziyyətdən daha ağır duruma düşməsinə səbəb olacaq. ABŞ və İsrailin İranın suverenliyini pozması, onların siyasi nüfuzuna da zərbə vurub. Hər üç ölkə həm hərbi, həm mülki, həm də maliyyə baxımından ciddi itkilərlə üzləşib. Hörmüz boğazının bağlanması isə neft və qazın qiymətlərinin artmasına səbəb olub. Digər tərəfdən, ABŞ və İsrailin nüvə proqramı bəhanəsi ilə İrana hücum etməsi beynəlxalq arenada geniş dəstəklə qarşılanmır. ABŞ Prezidenti Trampın tərəfdarları olan siyasi elita da artıq İrana qarşı hücum əməliyyatlarına etiraz etməyə başlayıb. Çünki İrana hücum əməliyyatları ABŞ üçün çox baha başa gəlir. İranın Yaxın Şərq ölkələrinin iqtisadi infrastrukturuna zərbələr endirməsi və ABŞ-nin buna effektiv cavab verə bilməməsi Körfəz ölkələrində ciddi narahatlıq yaradır”.
Analitikin sözlərinə görə, İranı dizə gətirə bilməyən, ABŞ və İsrail artıq mülki infrastrukturu, bombalamağa başlayıb:
“Hər üç ölkə müharibə meydanında güc nümayiş etdirsə də, siyasi və iqtisadi çətinliklər onları danışıqlar masasına oturmağa vadar edəcək. Çox güman ki, danışıqlar əvvəlcə pərdəarxası formatda, daha sonra isə diplomatik səviyyədə başlayacaq. İranın əsas məqsədi qarşısına qoyulan tələblərin yumşaldılmasına nail olmaqdır. ABŞ isə elə bir nəticə əldə etmək istəyir ki, onu həm daxili, həm də beynəlxalq arenada “qələbə” kimi təqdim edə bilsin. Danışıqlar baş tutarsa, İran nüvə proqramını tamamilə dayandırmağı nəzərdən keçirə bilər. Lakin raket proqramının məhdudlaşdırılması ilə razılaşmayacaq. İran tərəfi Hörmüz boğazının açıq saxlanılması ilə bağlı təminat verə bilər. ABŞ və İsrail isə nüvə proqramına son qoyulacağı təqdirdə, İrana bir daha hücum etməyəcəkləri barədə öhdəlik götürə bilərlər. Bu tələblərin kombinasiyası əsasında müəyyən razılaşmanın əldə olunması mümkündür”.
Z. İbrahimli qeyd edib ki, İranın nüvə proqramından geri çəkilməsi belə Tramp üçün qələbə sayıla bilər:
“Belə olan halda, İsrail ona qarşı nüvə təhdidinin aradan qaldırılmasını və regiondakı proksi qüvvələrin məhv edilməsini zəfər elementi kimi qiymətləndirəcək. İran isə ənənəvi olaraq nüvə proqramının yalnız dinc məqsədlər üçün istifadə edildiyini bəyan edəcək. Rəsmi Tehran eyni zamanda ABŞ-nin regiondakı hərbi bazalarını hədəf almaqla öz suverenliyini qoruduğunu göstərməyə çalışacaq. ABŞ-nin rejimi devirmək üçün genişmiqyaslı quru əməliyyatları aparmaq imkanı yoxdur. Ölkə daxilində sərf olunan hərbi sursatın dəyəri ilə bağlı suallara Trampın özü də cavab verməkdə çətinlik çəkir. Müharibə uzandıqca ABŞ-nin beynəlxalq reputasiyası da zəifləyir. Hörmüz boğazında yaranan məhdudiyyətlər səbəbindən qlobal iqtisadiyyatın sarsılması isə gələcək seçkilərdə Tramp üçün ciddi siyasi zərbə ola bilər. İranda rejim dəyişikliyinin qısa müddətdə baş verməsi real görünmür. Onsuz da ölkəni öz halında buraxsalar, bir neçə il ərzində iqtisadi çətinliklər yaşayan xalq rejimin devrilməsinə səbəb olacaqdı”.