- “ABŞ İranı hərəkətsiz vəziyyətə salmağa çalışır”
- Hüsamettin İnaç: “Müharibə seçkilərə qədər davam edəcək”
Yaxın Şərqdə gərginlik getdikcə yeni və daha təhlükəli mərhələyə daxil olur. İranın son hücumları, ABŞ-nin artan hərbi təzyiqi, region ölkələrinin prosesə cəlb olunma ehtimalı və tərəflərin sərtləşən mövqeyi müharibənin yaxın zamanda başa çatacağına dair ümidləri azaldır. Mövcud vəziyyət təkcə hərbi qarşıdurma ilə məhdudlaşmır, həm də regionun siyasi sabitliyi, enerji təhlükəsizliyi və qlobal iqtisadiyyat üçün ciddi risklər yaradır.
Sherg.az-a açıqlama verən Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaçın fikrincə, qarşıdakı dövrdə müharibə genişmiqyaslı toqquşmadan daha çox tükəndirmə strategiyası üzərində qurulacaq və bunun əsas yükünü isə mülki əhali daşıyacaq:
"İranın son dəfə Körfəzə etdiyi hücumlar və xüsusilə İordaniyaya hücumu, müharibənin müəyyən bir mərhələyə keçəcəyi ilə bağlı ittifaqın, uzlaşmanın formalaşdığını söyləməyə əsas verir.
Xüsusilə İordaniya hər üç ölkə baxımından böyük əhəmiyyət daşıyan hava hücumundan müdafiə sistemlərinə malik olan dövlətdir. Həmin hücumlar həqiqətən də İranın barışmaz mövqeyini ortaya qoyur.
Hazırda İranda İnqilab Keşikçiləri Korpusunun ən sərt mövqeli qanadı idarəçiliyi ələ almış vəziyyətdədir. Bu qrup atəşkəsdən sonra İran xalqına verə biləcəyi bir şeyin olmadığını başa düşdüyü, həmçinin rejimin sonunu gətirə biləcək müəyyən üsyanların, etirazların və xalq narazılığının başlama ehtimalının mövcud olduğunu düşündüyü üçün atəşkəsə və uzlaşmaya olduqca uzaq dayanır. Onlar mümkün olan hər cür razılaşma ehtimalını aradan qaldırmaq üçün əllərindən gələni sona qədər etməyə davam edirlər".
Analitik bildirib ki, İranda daha çox uzlaşma və danışıqlar tərəfdarı kimi tanınan Pezeşkian, Əraqçi və Qalibaf kimi şəxslər də ciddi təhdid altına düşmüş vəziyyətdədirlər:
"İranın daxilində baş verən sosial-siyasi dağılma və tənəzzül müəyyən mənada bundan sonrakı mərhələdə müharibənin başa çatması ehtimalını da xeyli zəiflədəcək. Məhz bu mərhələdə ABŞ Prezidenti Donald Trampın İranı hərəkət edə bilməyəcək vəziyyətə salaraq təslim almağa çalışdığını görürük. Bunu həyata keçirmək üçün isə o, indiyədək etmədiyi addımları atmağa başlayır. Xüsusilə Sistan-Bəlucistan bölgəsinə zərbələr endirərək burada yaşayan bəlucları üsyana təşviq etməyə çalışır.
Çünki bəluclar həm Əfqanıstanda, həm Pakistanda, həm də İranda yaşayan etnik qrupdur. Buna görə də onları hərəkətə gətirməklə əslində Tramp quru əməliyyatı başlatmağa çalışır.
Digər tərəfdən ABŞ İraq və Suriyadakı kürdləri, daha doğrusu PKK və onun törəməsi olan YPG/PYD kimi təşkilatların nəzarətində olan qüvvələri, İran daxilində fəaliyyət göstərən PJAK və Komala kimi, yenə PKK yönümlü kürd hərəkatları ilə birləşdirərək quru ordusu formalaşdırmağa çalışacaq. Buna görə də son dövrlərdə İran Şimali İraqdakı ABŞ qüvvələrinə, PKK mövcudluğuna, eyni zamanda Süleymaniyyədəki Tələbani strukturlarına qarşı bombardmanlar həyata keçirir.
Bu hücumların gələcəkdə daha da artaraq davam etməsi gözlənilir. Bütün bu hadisələrlə yanaşı, son dövrdə Türkmənistan sərhədindəki dəmir yolunun vurulduğunu, həmçinin Rusiya və Çinin İrana logistika dəstəyinin müəyyən şəkildə kəsilməsi istiqamətində addımların atıldığını da müşahidə edirik".
Politoloq qeyd edib ki, ABŞ-nin son hücumları Hörmüz boğazının sahil xətti üzərində cəmlənir:
"Burada müəyyən geosiyasi əhəmiyyət daşıyan nöqtələri nəzarətə götürərək Hörmüz boğazının idarəçiliyini və nəzarətini İranın əlindən almağa, öz üzərinə keçirməyə çalışır. Bütün bu addımlar müharibənin gedişatını daha da dərinləşdirəcək, tərəfləri həll yolundan və atəşkəsdən daha da uzaqlaşdıracaq.
ABŞ-nin yaxın bir neçə gün ərzində CENTCOM-un açıqladığı hərbçilərin həlak olması xəbərlərini rəsmi şəkildə bəyan etməsindən sonra cavab və intiqam xarakterli hücuma başlayacağını demək olar ki, qəti hesab etmək mümkündür. Lakin şəxsən mən bu hücumun çox genişmiqyaslı olacağı qənaətində deyiləm.
Ancaq təəssüf ki, İranın infrastrukturuna, yəni elektrik sistemlərinə, su təchizatına, körpülərə, həmçinin ərzaq və dərman kimi həyati əhəmiyyət daşıyan məhsulların təminatını çətinləşdirəcək addımların atılmasına yönələn hücumlar həyata keçiriləcək. Bu hücumlar əslində birbaşa İran xalqını hədəf alacaq.
İran xalqına verilən mesaj isə belə olacaq: “Sahib olduğunuz bu pis idarəçilik sizin gələcəyinizi məhv edir, sizi düşünmür, sizi qurban verir"".
H.İnaç bunun müəyyən mənada İran xalqı ilə rejim arasında ciddi qırılma yarada biləcəyi kimi, gözləntilərin əksinə olaraq, cəmiyyət daxilində daha güclü birləşmə və həmrəyliyə də səbəb ola biləcəyini vurğulayıb:
"Əgər İran xalqı ABŞ-nin birbaşa özünü hədəf aldığı qənaətinə gəlsə, istər Xameneinin öldürülməsi, istərsə də Minabda 160-dan çox günahsız qız uşağının şəhid edilməsi İran cəmiyyətində ABŞ haqqında təsəvvürü ciddi şəkildə mənfi istiqamətdə dəyişən amillər kimi tarixə keçəcək.
Bundan sonrakı mərhələdə də xalqı cəzalandırmaq və onu rejimdən uzaqlaşdırmaq məqsədi daşıyan hücumlar davam edəcək. Bu, İran xalqının rejim ətrafında daha da sıx birləşməsinə səbəb ola bilər.
Lakin nəticə etibarilə nə olursa-olsun, ABŞ-nin İranı tamamilə təsirsiz vəziyyətə salacaq və iqtisadi cəhətdən tam çökdürəcək ardıcıl hücumlar həyata keçirəcəyini düşünmürəm.
Çünki İranın nəzarətsiz şəkildə dağılması həm regiona, həm də qlobal iqtisadiyyata ciddi zərər verər. Eyni zamanda ABŞ-nin bölgədəki nəzarət imkanlarının da zəifləməsinə səbəb olar. Bütün bunların qarşısını almaq üçün bundan sonrakı mərhələdə daha nəzarətli və həddindən artıq dağıdıcı təsir yaratmayacaq cavab əməliyyatları gözlənilir.
Burada təəssüf ki, müharibənin oktyabrda İsraildə, noyabrda isə ABŞ-da keçiriləcək seçkilərə qədər daha çox tükəndirmə müharibəsi formasında davam edəcək və çox böyük miqyas almayacaq".
Müsahibimiz tükəndirmə müharibələrinin iki mühüm çatışmazlığından danışıb:
"Bunlardan biri müharibənin regiona yayılmasıdır. Bu baxımdan məlumdur ki, Körfəz ölkələri, hətta Pakistan belə, Səudiyyə Ərəbistanına hücum ediləcəyi təqdirdə birbaşa İrana qarşı müharibəyə qoşula biləcəyini bildirib.
Digər Körfəz ölkələri də ötən həftə yaydıqları birgə bəyanatda hücumların davam edəcəyi təqdirdə İrana qarşı hərbi əməliyyatlara başlayacaqlarını ifadə ediblər.
Bu tükəndirmə müharibəsinin ikinci böyük çatışmazlığı isə asimmetrik ünsürlərin işə düşməsidir. Yəni birbaşa konvensional silah sistemlərindən istifadə etmək əvəzinə, insanların gündəlik həyatını çətinləşdirəcək, suya, ərzağa, dərmana və gündəlik həyat üçün zəruri olan digər vasitələrə çıxışı məhdudlaşdıracaq hücumların həyata keçirilməsidir.
Müharibə daha çox bu ikinci istiqamətdə davam edəcək. Bu, İran xalqı arasında parçalanmadan daha çox, rejim ətrafında birləşməyə səbəb olacaq".