ABŞ müharibənin bitməsini yox, uzanmasını istəyir - Aydın Sezer

“Qanlı müharibənin yenidən alovlanma ehtimalı yüksəkdir”

"Məhz bu proseslər rəsmi Təl-Əvivin beynəlxalq ictimaiyyətin təzyiqlərinə və Vaşinqtonun xəbərdarlıqlarına qarşı nə dərəcədə həssas olacağını açıb göstərəcək"

İran və İsrail arasında bitib-tükənməyən regional gərginlik yenidən baş qaldırıb. Gecə saatlarından etibarən İran ordusu İsrailə raketlərlə hava zərbələri endirib. ABŞ Prezidenti Donald Tramp İrandan dərhal hücumları dayandırmağı tələb edib. O, eyni zamanda İsrailin Baş naziri Benyamin Netanyahunu İrana qarşı hərbi əməliyyata başlamaq fikrindən daşındırmağa çalışdığını açıqlayıb.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sosial hesabındakı paylaşımında, ABŞ və İsrailə xəbərdarlıq edib. Onun sözlərinə görə, qarşı tərəf etimad yaratmaq üçün real addımlar atmayana qədər İranın cavabı kəskin olacaq.

Mövzu ilə bağlı xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, ABŞ və Qərb üçün müharibənin davam etməsi, onun nəticəsindən daha vacibdir: 

“Hörmüz boğazının bağlı qalması ABŞ-nin neft və mayeləşdirilmiş təbii qaz ixracından əldə etdiyi gəlirlərin artmasında mühüm rol oynayır. Enerji qiymətlərinin yüksəlməsi, ABŞ daxilində narazılıq yaratsa da, bu vəziyyət yerli ixracatçıların gəlirlərini artırır. Digər tərəfdən isə enerji qiymətlərinin bahalaşması, Çin və Avropanın sənaye potensialının zəifləməsinə səbəb olur. İranın gecə saatlarında həyata keçirdiyi hücumlar danışıqlar prosesində nə qədər irəli gedə biləcəyini nümayiş etdirmək məqsədi daşıyır”. 

Ekpertin sözlərinə görə, Tehran Livana hücumların dayandırılmasını atəşkəsin əsas şərti kimi elan etmişdi:

“Son əməliyyatlar vasitəsilə öz mövqeylərindən geri çəkilmək niyyətində olmadığını və qəbul etdiyi qərarların arxasında dayandığını göstərməyə çalışdı. Müharibələrin gətirdiyi ağır və sarsıdıcı itkilərə baxmayaraq, İran meydandan çəkilmək niyyətində deyil. Tehran rəqiblərinə əzələ nümayiş etdirmək üçün geosiyasi arenada öz varlığını yenidən isbatlamağa can atır. SEPAH, bu addımla, Livandakı Hizbullah hərəkatına və Yəməndəki husilərə müqavimət xəttini qətiyyətlə qorumaq və regional cəbhələrdə fəallığı artırmaq barədə strateji mesajlar ötürür”. 

A.Sezer qeyd edib ki, mövcud şəraitdə hücumların yenidən aktiv və qanlı müharibəyə keçmə ehtimalı yüksəkdir: 

“Tehran artan gərginliklə bəzi Qərb dövlətlərini ABŞ-yə təzyiq göstərməyə vadar etmək istəsə də, Qərbin bu yöndə hər hansı addım atacağına inanmıram. Tramp Netanyahunu İrana hücum fikrindən daşındırmağa çalışır. Məhz bu proseslər rəsmi Təl-Əvivin beynəlxalq ictimaiyyətin təzyiqlərinə və Vaşinqtonun xəbərdarlıqlarına qarşı nə dərəcədə həssas olacağını açıb göstərəcək. Şəxsən mən onun heç bir amilə məhəl qoymadan öz maraqları naminə hərəkət edəcəyini düşünürəm”.