"Ermənistanda kilsə və millətçi qruplar sülh prosesini poza bilər”
Ermənistan Baş naziri Nikol Paşinyan seçki kampaniyası çərçivəsində Kotayk və Geqarkunik bölgələrində sakinlərlə görüşüb. Bu barədə Ermənistan KİV məlumat yayıb.
Həmin görüşlərdən birində yaşlı vətəndaş Ermənistan Baş nazirinə yaxınlaşaraq onu tərifləyib, bütün həyatı boyu ölkədə onun kimisini görmədiyini bildirib: “Mən qarabağlıyam, həyatımda sizin kimi birini görməmişəm, ölkəyə çox yaxşı rəhbərlik edirsiniz, bu insanları məyus etməyin, Allah sizə can sağlığı versin ki, xidmət etməyə, işləməyə davam edə biləsiniz”. Ermənistan vətəndaşı sülhə görə Paşinyana təşəkkür edib. Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Maraqlıdır, Nikol Paşinyan ilə özünü Qarabağ ermənisi kimi təqdim edən vətəndaşın dialoqu Ermənistan cəmiyyətində sülh və Qarabağ məsələsinə yanaşmanın dəyişdiyini göstərirmi?
Bu barədə Sherg.az-a danışan tədqiqatçı jurnalist Asəf Quliyev bildirib ki, bəzən biz stereotiplərlə sadə erməninin yaşantılarını qarışdırırıq:
“Bu gün ağlı başında olan sadə erməni də anlayır ki, müharibə heç zaman müsbət heç nə gətirməyəcək. Mən 1988-ci ildə münaqişənin ilk başladığı dövrləri xatırlayıram. O zaman da sadə ermənilər arasında müharibəni istəməyən kifayət qədər insan var idi. Və həmin dövrü xatırlayanlar yaxşı bilir ki, “İrəvandan gəlmiş saqqallılar” ifadəsi var idi. Bu saqqallılar kim idi? Onlar erməni xalqını fəlakətə sürükləyən millətçi, şovinist bir kəsim idi. Çox təəssüf ki, kütlə onların təsiri altına düşdü. Sözsüz ki, Baş nazirlə sadə erməninin dialoqunda təbliğat elementi var. Amma bu reallıqdan doğan bir faktdır. Paşinyan belə faktlardan istifadə edərək xalqı yönəltmək istəyir. Açığı deyim ki. Hazırkı durumda bu Azərbaycanın maraqlarına cavab verir”.
O ki, qaldı bütövlükdə erməni cəmiyyətinin Azərbaycana qarşı mövqeyinin dəyişməsinə, A. Quliyev hesab edir ki, buna xeyli zaman lazımdır: “Bu məsələdə proses üçün ən ciddi təhdid erməni cəmiyyətində olan intellektual millətçilər və kilsədir. Hazırda onlar kifayət qədər zəif görsənə bilər. Amma yox deyillər. Paşinyan bu seçkini uduzacağı təqdirdə onlar daha ciddi addımlar ata bilər. Ona görə də kifayət qədər diqqətli olmaq lazımdır”.