Tramp müharibədən yayınmağa çalışsa da, hadisələr Vaşinqtonun nəzarətindən çıxa bilər
Yaxın Şərq yenidən müharibə ocağına çevrilib. Bütün dünya ABŞ və İran arasında razılaşmanın nə zaman imzanacağını gözləyərkən, SEPAH bu gecə İsrailə zərbələr endirməyə başlayıb. İsrail ordusunun açıqlamasına görə, ölkəyə atılan bütün raketlər zərərsizləşirilsə də, zərbələr davam etdirilir. Hücumlardan dərhal sonra ABŞ Prezidenti Donald Tramp, İrana zərbələri dayandırmağı tövsiyə edib.
O, tərəfləri danışıqlar masasına qayıtmağa çağırıb. Tramp həmçinin, İsrailin Baş naziri Benyamin Netanyahunu, İrana hücum niyyətindən çəkindirmək istədiyini açıqlayıb. İran ordusunun komandanı Əli Abdullahi isə İsrailə xəbərdarlıq edib. O, Livanın cənubunda hərbi əməliyyatlar dayandırılana qədər ağır zərbələri davam etdirəcəklərini vurğulayıb.
Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə Sherg.az-a bildirib ki, ABŞ və İsrail heç bir səbəb olmadan, beynəlxalq hüququ tapdalayıb, İranın Ali dini liderini və minlərlə dinc sakini qətlə yetirdilər:
“Bu təcavüzə atəşkəslə son qoyuldu. Lakin atəşkəs, İsrailin Livan və Qəzzaya endirdiyi zərbələrin dayandırılması prinsipinə əsaslanırdı. ABŞ iqtisadi cəhətdən ağır vəziyyətə düşdüyünə görə bu şərti qəbul etməyə hazır idi. İsrail yenə də əməlindən dönmədi. Artıq İsrail ordusu, Livanın cənubuna girməyə başlayıb. Netanyahu, ərazinin heç vaxt Livana qaytarılmayacağını açıqlayır. BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən, bir dövlətin silahlı qüvvələri tərəfindən digər dövlətin ərazisinin işğalı birbaşa təcavüz aktıdır. Livanın rəsmi nümayəndələrinin çoxu ABŞ-yə nökərlik edir. Belə bir şəraitdə, regionun taleyini yalnız İran və İrana bağlı qüvvələr fikirləşir”.
Politoloqun sözlərinə görə, İsrail ordusu Livan xalqını, Hizbullaha qarşı qaldırmaq üçün Beyrutun Dahiyə rayonuna zərbələr endirməyi planlayır:
“Bununla da Livan ictimaiyyətində belə bir düşüncə hakim olacaq ki, İsrailin zərbələri, Hizbullahın müqavimətinə cavab xarakteri daşıyır. Yəni, bölgədə Hizbullah olmasa, rahat yaşayacaqlarını fikirləşəcəklər. Əslində bu gecəki hücumdan bir neçə gün öncə, SEPAH İsrailə Livana zərbələri dayandırmayacağı təqdirdə hərbi əməliyyata başlayacağını bəyan etmişdi. İsrail höküməti, buna inanmadı. Bu əməliyyat İsrailin təcavüzkar siyasətinə qarşı cavab xarakteri daşıyır. Netanyahu ABŞ-ni də müharibəyə çəkmək istəyir. Tramp isə fərqindədir ki, müharibədən onilliklərdir sanksiya və böhranlara adaptasiya olmuş İran deyil, iqtisadi və siyasi riskləri daha yüksək olan ABŞ ziyan çəkəcək”.
Z.Əlizadənin fikrincə, inflyasiyanın yüksəlməsi, ABŞ seçicilərinin Trampa qarşı qəzəbini artırır:
“Məlumdur ki, bu ilin noyabr ayında, ABŞ-də konqres seçkiləri keçiriləcək. Əgər respublikaçılar uduzarsa, senat və nümayəndələr palatası Trampın impiçmentini tələb edəcəklər. Canının hayına düşən Tramp, müharibələrə son qoymaq istəyir. Lakin dünyaya özünü qalib göstərmək üçün Tehranı ağır şərtlərlə saziş imzalamağa məcbur etməyə çalışır. İran isə qanunsuz sanksiyaların ləğvini, orduların Yaxın Şərqdən çıxarılmasını, Fələstin ərəblərinin hüquqlarının tanınmasını və Livana hücumların tamamilə dayandırılmasını tələb edir. Bunların hamısı qanuni şərtlərdir. Axı aparteid dövləti olan İsrail hansı əsasla müsəlmanları qırmalıdır?!”
Politoloq qeyd edib ki, Netanyahunun törətdiyi əməllər nə beynəlxalq hüquqa, nə də insan əxlaqına sığır:
“İsrailin qayəsinə görə, 3.000 il bundan əvvəl Tövratda yazılıb ki, Allah bu torpaqları yəhudilərə verib. Onlara sual vermək lazımdır ki, beynəlxalq hüquq nə vaxtdan Tövratla tənzimlənib?! Eşitdiyimə görə hazırda, Təbriz və İranın digər əraziləri İsrail ordusu tərəfindən bombalanıb. Hətta ölənlərin də olduğu deyilir. ABŞ və İran arasında müharibə zatən bitməmişdi. ABŞ-nin İran limanlarını blokadada saxlaması müharibə aktının bir parçasıdır. Zalım dövlətlər öz təcavüzkar əməllərinə son qoyana qədər İran mübarizə əzmindən dönməyəcək”.