- Putinin Zelenskini “terrorçu” adlandıraraq, dialoqdan imtina etməsi diplomatik yolların dalana dirəndiyini bir daha sübut edir
ABŞ prezidenti Donald Trampın vasitəçilik təşəbbüsünə geri dönməsi Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla tənzimlənəcəyinə inamı artırıb. Sentyabrın 5-dən etibarən ABŞ nümayəndələri 7 bənddən ibarət yeni sülh planı ilə Rusiya və Ukraynaya səfər ediblər.
Sənəddə əsas diqqət atəşkəsin təmin olunmasına yönəlib. Plan çərçivəsində, Ukrayna hərbçilərinin Donbas və Zaporojye vilayətlərinin müəyyən hissələrindən çıxarılması və bu ərazilərə BMT-nin sülhməramlı kontingentinin yerləşdirilməsi ehtimalı nəzərdən keçirilir. Eyni zamanda, rəsmi Kiyevin neytral status qazanaraq, NATO-ya üzvlük fikrindən tamamilə əl çəkmək tələb olunur. Nümayəndələrin keçirilən görüşlərlə bağlı qiymətləndirmələri müsbət olsa da, Ukrayna və Rusiya rəsmiləri narazılıqlarını gizlətməyiblər. Rusiya xarici işlər naziri Sergey Lavrov mövcud şəraitdə sülh danışıqlarının konstruktiv aparılmadığını bəyan edib. Ukrayna tərəfi də ABŞ-nin irəli sürdüyü təkliflərə xoş münasibət bəsləmir. Prezident Volodimir Zelenski bəzi ideyaların ölkəsi üçün müsbət olduğunu desə də, ukraynalı deputat Anna Skoroxod ABŞ-nin daha ağır sülh şərtləri təklif etdiyini bildirib.

Mövzu ilə bağlı xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, Trampın yeddi aylıq fasilədən sonra vasitəçilik missiyasına qayıtması üç strateji məqsədə xidmət edir:
“Birincisi, bununla Avropaya Ukrayna böhranında əsas söz sahibinin ABŞ olduğu mesajı ötürülür. Rusiya ilə dialoqun məhz Vaşinqtonun nəzarətində olduğu nümayiş etdirilir. Digər məqsəd prezident seçkilərinə qədər Rusiya-Ukrayna müharibəsini uğura çatdırıb, bundan siyasi xalq qazanmaqdır. Tramp seçkilərdə üstünlük əldə etmək üçün imicini yüksətlməyi hədəfləyir. Hətta bu prosesin Nobel Sülh Mükafatına namizədliyə qədər uzana biləcəyini ehtimal edir. Bütün bunlarla yanaşı, ən vacib hədəf Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllindən Birləşmiş Ştatların iqtisadi və maliyyə baxımından fayda əldə etməsini təmin etməkdir. Yəni, Trampın vasitəçilik təşəbbüsü sülhə nail olmaqdan çox, əsas söz sahibinin məhz ABŞ olduğunu göstərən siyasi manevradır”.
Ekspertin sözlərinə görə, nə Rusiyanın, nə də Ukraynanın mövqeyində zərrə qədər yumşalma yoxdur:
“Yuri Uşakovun ABŞ nümayəndələri ilə görüşdükdən sonra “Böhrandan çıxış üçün müxtəlif ideyalar səsləndirildi” deməklə kifayətlənməsi, əslində, ortada konkret planın olmadığının etirafıdır. Sentyabrın 1-də Bişkek dönüşü jurnalistlərə danışan Putinin mesajları Kreml üçün məqsədin konflikti dondurmaq yox, birtərəfli şərtlərlə qələbə qazanmaq olduğunu açıq şəkildə ortaya qoyur. Ukrayna ordusunun dörd vilayətdən tamamilə çıxarılması və münaqişənin köklü səbəblərinin aradan qaldırılması tələbi bütün sərtliyi ilə hələ də masadadır”.
A.Sezerin fikrincə, Putinin Zelenskini “terrorçu” adlandıraraq, dialoqdan imtina etməsi diplomatik yolların dalana dirəndiyini bir daha sübut edir:
“Kiyevin hədəfi isə diplomatiya deyil, hərbi-iqtisadi təminatdır. Zelenskinin fikri-zikri qış paketinə, hava hücumundan müdafiə sistemlərinə, Patriot raketlərinə, Amerika mənşəli maye qaza (LNG) və Rusiyaya qarşı sərt sanksiyalara yönəlib. Zelenski ritorikasında diplomatiyanı birinci, müharibəni isə ikinci sırada göstərsə də, faktiki gedişat bunun əksini sübut edir. Cəbhədə cüzi də olsa hərbi üstünlük qazanmadan danışıqlardan yayınmaq, əslində, dialoqu atəşkəsdən sonrakı mərhələyə saxlamaq cəhdidir”.
Müsahib qeyd edib ki, indiki mərhələdə Avropa İttifaqı da Zelenskinin sülh masasına oturmasına müsbət yanaşmır:
“Çünki Rusiyanın diktəsi ilə imzalanan istənilən razılaşma Avropanın Ukrayna siyasətinin iflası və strateji çöküşü deməkdir. Üç əsas amil Rusiya-Ukrayna danışıqlarının qarşısına sədd çəkir: Moskva və Kiyevin barışmaz mövqeyi, Avropanın sülh prosesini hər vasitə ilə uzatmaq cəhdləri və Vaşinqtonun problemin köklü səbəblərini gözardı edərək, kommersiya mənfəətini və Trampın siyasi ambisiyalarını önə çəkməsi. Bu maneələr aradan qalxmayınca, silah səsləri diplomatiyanı üstələməyə davam edəcək”.