Özgür Özəlin yeni partiyası CHP-nin səsini ciddi şəkildə azaldacaq - Buğra Sucu

  • “Özəl təkcə CHP-dən deyil, İYİ və Zəfər Partiyasından da səs toplaya bilər”
  • “Bu baş verərsə, seçkilərdən sonra parlamentdəki partiyalar tam fərqli olacaq”

Türkiyə siyasətində mühüm hadisə baş verib. CHP sədri Özgür Özel, özünün də daxil olduğu 83 deputatın iştirak etdiyi qrup iclasında Cümhuriyyət Xalq Partiyası ilə vidalaşdığını açıqlayaraq, "Yeni partiyamızı qururuq" bəyanatını səsləndirib.

O, yeni yaradılacaq siyasi təşkilatın "açıq fərqlə əsas müxalifət partiyası" olacağını iddia etsə də, partiyanın adını açıqlamayıb. Çıxışında tribunaya "vaxtı çatmış bir vidanın hüznü ilə gəldiyini" bildirən Özgür Özelin bu qərarı Türkiyə siyasi gündəmində geniş müzakirələrə səbəb olub. 

Ankara Universitetinin müəllimi Dr. Buğra Sucu Sherg.az-a siyasi perspektivləri şərh edib: 

"Özgür Özəlin quracağı yeni partiya CHP-nin səsində mütləq əhəmiyyətli dərəcədə azalmaya səbəb olacaq. Lakin bu, CHP-nin seçki baryerindən aşağı düşəcəyi anlamına gəlmir. Bölünmədən sonra sorğularda ilk vaxtlar CHP-nin səs faizi aşağı görünəcək olsa da, zaman keçdikcə bərpa olunacaq. Hətta maliyyə çətinlikləri və CHP seçicisinin ona bağlılığı səbəbindən uzunmüddətli perspektivdə Özəlin partiyası uğursuz ola bilər.

Bu prosesdə bəzi deputatlar CHP-dən istefa verərək Özəli dəstəkləyəcəklər. Parlamentdə yeni partiyanın da fraksiyası qurulacaq. Parlament fraksiyasının yaradılması vacibdir. Çünki seçkilərə qədər yeni partiyanın gündəmdə qalmasını təmin edəcək ən mühüm amil parlament fəaliyyətləri olacaq".

Analitik vurğulayıb ki, xüsusilə bələdiyyə sədrlərinin əksəriyyəti öz ifadələri ilə desək, “ata ocağı” kimi xarakterizə etdikləri CHP-dən ayrılmaq istəməyəcəklər:

"CHP-dən yeni partiyaya keçidlər ictimaiyyətin gözlədiyi səviyyədə olmasa, bu, Özəl üçün pis başlanğıc olacaq.

Özəlin partiyasının səslərinin yalnız CHP seçicisindən gələcəyini düşünmək düzgün deyil. Xüsusilə 4-5 faiz diapazonunda olan dünyəvi milliyyətçi müxalifət partiyalarından səs toplaya bilər. İYİ Partiya və Zəfər Partiyası bu prosesdə Özəlin tərəfdarı oldular. Təbii olaraq, onların seçiciləri Özəlin haqlı olduğuna inandırıldılar". 

Müsahibimiz indi həmin seçicilərin Özələ yönələ biləcəyini söyləyib:

"Əgər belə olarsa, qarşıdakı seçkilərdən sonra parlamentdə fraksiyası olan partiyalar bugünkündən fərqli olacaq".