Paşinyan Hessen Sülh Mükafatını almaq üçün Almaniyaya gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Hessen Sülh Mükafatını almaq üçün Almaniyaya səfər edəcək. Sherg.az xəbər verir ki, bu barədə Hessen federal torpağının parlamenti məlumat yayıb.

Məlumata görə, mükafat 51 yaşlı siyasətçiyə ölkədə demokratik institutların yaradılması və Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində “yorulmaz səylərinə” görə verilir.

Məbləği 25 min avro olan mükafat 1994-cü ildən etibarən Albert Osvald Fondu tərəfindən təqdim olunur.

Mükafat müharibələrin və zorakılıq riski daşıyan münaqişələrin dayandırılması istiqamətində göstərilən səylərə, preventiv tədbirlərə, zorakı münaqişələrin qarşısının alınması strategiyalarının hazırlanmasına və beynəlxalq qarşılıqlı anlaşmaya verilən töhfələrə görə təqdim edilir.

Fond Hessenin keçmiş baş naziri Albert Osvald və onun ailəsi tərəfindən yaradılıb. Fondun Himayəçilik Şurasına sülh problemləri üzrə fəaliyyət göstərən aparıcı Almaniya elmi-tədqiqat institutlarının nümayəndələri daxildir. Onlar sülh mükafatının verilməsi ilə bağlı məsələlər üzrə məsləhətlər təqdim edirlər.

Mükafatlandırma mərasimi sentyabrın 18-də Almaniyanın Hessen federal torpağının parlamentində keçiriləcək.

Qeyd olunur ki, Paşinyanı səfər zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan müşayiət edəcək.

Səfər çərçivəsində baş nazirin Frankfurt Ticarət və Sənaye Palatasında biznes ictimaiyyətinin nümayəndələri ilə görüşməsi, həmçinin Darmştadtda yerləşən Fraunhofer Struktur Dayanıqlığı və Sistem Etibarlılığı İnstitutuna baş çəkməsi planlaşdırılır. Paşinyan burada hidrogen sahəsində aparılan tədqiqatlarla tanış olacaq.