- Züriyə Qarayeva: “Paşinyan Moskva səfəri öncəsi ritorikanı yumşaldır”
Baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə sentyabrın 1-də Bişkekdə baş tutan görüşündən sonra onun mövqeyində yumşalma müşahidə olunur. Bu reallığı Paşinyanın komandasına qarşıdakı dövr üçün anti-Rusiya bəyanatlarını dayandırmaq barədə verdiyi tapşırıq təsdiq edir.
Bişkek görüşündə Putin bir daha Paşinyanı Avropa İttifaqına üzvlük istiqamətində irəliləmək və ya Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında qalmaq arasında seçim etməyə çağırıb. Paşinyan belə bir qərarın verilməsi üçün hələ münasib vaxtın çatmadığını bildirib. Ermənistan hökumətinin tənqidçiləri isə bildirirlər ki, Bişkek görüşü İrəvanın Avropa İttifaqına inteqrasiya planları ilə bağlı fikir ayrılıqlarını azaltmayıb. Onlar hətta bu görüşün Moskva-İrəvan münasibətlərində “yeni gərginlik mərhələsinin” başlanğıcı ola biləcəyini vurğulayıblar. Qeyd edək ki, səfərin tarixi bəlli olmasa da, Paşinyanın Kremldə Putinlə görüşəcəyi bildirilir. “Vətəndaş Müqaviləsi” Partiyasının üzlərindən biri Paşinyanın onlara dediyi sözləri mətbuata sızdırıb. İddialara görə, Paşinyan Rusiyaya səfərini başa vurduqdan sonra Ermənistanın xarici siyasət kursunun Qərbə, yoxsa yenidən Moskvaya yönələcəyini dəqiq açıqlayacaq.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Sherg.az-a bildirib ki, Paşinyanın mövqeyindəki yumşalma strateji dönüşdən çox, məcburi taktiki manevr təsiri bağışlayır:
“Ermənistan Qərblə yaxınlaşsa da, iqtisadi baxımdan hələ də Rusiya imkanlarından, Avrasiya İqtisadi İttifaqının bazarından, enerji təchizatından və Rusiyaya məxsus şirkətlərin ölkədəki fəaliyyətindən ciddi şəkildə asılıdır. Moskvanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlər də İrəvana bu asılılığın real nəticələrini göstərib. Əgər hökumət üzvlərinə anti-Rusiya bəyanatlarını dayandırmaq barədə göstəriş verilməsi xəbəri doğrudursa, bu, Paşinyanın Moskva səfəri ərəfəsində danışıqlar mühitini yumşaltmaq və Putindən iqtisadi-siyasi güzəştlər almaq istədiyini ortaya qoyur. Buna görə Ermənistanın tam şəkildə Rusiyanın orbitinə qayıtdığını söyləmək tezdir”.
Politoloqun sözlərinə görə, İrəvan Qərb kursundan imtina etmir, sadəcə Moskva ilə açıq qarşıdurmanın qiymətinin çox yüksək olduğunu anlayır:
“Putinin Paşinyanla görüşməkdə əsas məqsədi Ermənistanı konkret seçim qarşısında qoymaqdır: İrəvan eyni vaxtda həm Avropa İttifaqına inteqrasiya xətti yürüdüb, həm də Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının üstünlüklərindən istifadə edə bilməz. Kreml Ermənistanın Qərbə siyasi və hərbi yaxınlaşmasını ləngitmək, Cənubi Qafqazdakı təsir imkanlarını, Gümrüdəki hərbi bazasını, enerji mövqelərini və regional kommunikasiya proseslərindəki rolunu qorumaq istəyir. Görüşdə Azərbaycan-Ermənistan sülh gündəliyi, TRIPP layihəsi və Rusiyanın regiondan sıxışdırılmasının qarşısının alınması da əsas mövzulardan ola bilər. Bir sözlə, Putin Paşinyanı yenidən tam nəzarətə qaytarmaqdan çox, onun Qərbə doğru hərəkətinin sərhədlərini müəyyənləşdirmək və Ermənistanın Rusiyadan birdəfəlik qopmasının qarşısını almaq istəyir”.