Paşinyan Rusiyanın bütün düşmənlərinə əl uzadır: Məqsədi nədir? - TƏHLİL

 Məqsəd "tərəfdaş" adı ilə yeni himayədar və maliyyə dəstəkçisi əldə etməkdir

  Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan incik düşdükdən sonra Ukrayna mövzusuna maraq göstərməyə başlayıb. Paşinyan əvvəlcə Avropa Birliyinin tədbirində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayaqüstü söhbət edib. İki liderin fotosu erməni saytlarını bəzəyib. Paşinyan bununla yanaşı, həyat yoldaşını Kiyevdə keçirilən tədbirə göndərib. Baş nazirin həyat yoldaşı həm Zelenskinin, həm də onun xanımının əlini sıxıb. 

Bu fotolar Moskvanın narazılığına səbəb olub. Həmçinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Malta adasında “Ukraynanın sülh forumu” tədbirində iştirak edib. Qriqoryan toplantı çərçivəsində ikitərəfli görüşlər keçirib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Yunanıstan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri, ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi və Fransa Prezidentinin köməkçisi ilə ayrı-ayrılıqda müzakirələr aparıb. Xatırladaq ki, bundan öncə Paşinyan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının mövcudluğunun əhəmiyyətsiz olduğunu vurğulamışdı. Baş nazir Moskvanın öz öhdəliklərinə əməl etmədiyini, İrəvanın yeni tərəfdaş axtarışında olduğunu söyləmişdi.  

  Politoloq Qabil Hüseynli Sherg.az-a deyib ki, Ermənistan və Rusiya arasındakı qarşıdurma son nəticəsinədək planlaşdırılmış və İrəvan tərəfindən süni şəkildə kəskinləşdirilən bir gərginlikdir. Analitik hesab edir ki, Paşinyan hökumətinin Rusiyanın Ermənistana, əsasən də, Azərbaycanla müharibə dönəmində dəstək verməməsi ilə bağlı ittihamı əsassızdır:

 "İkinci Qarabağ müharibəsi zamanı Rusiya savaşın gedişində fəal şəkildə və hərtərəfli Ermənistanı dəstəkləyib. Demək olar ki, hər gün Ermənistana təyyarələrlə silah-sursat daşınırdı. Moskva bütün imkanları ilə İrəvanın yanında oldu. Ancaq Paşinyan elə düşünür ki, müharibə zamanı Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri də erməni silahlıları ilə birlikdə Azərbaycana qarşı vuruşmalıydı. Halbuki KTMT-nin əsasnaməsində, həmçinin Rusiya ilə Ermənistan arasında strateji müttəfiqlik haqqında bağlanmış sənəddə belə məqam əksini tapmayıb. Müharibə əməliyyatları Ermənistan ərazisinə sıçramamışdı və döyüşlər Azərbaycanın işğal altındakı torpaqlarında gedirdi. Ona görə də KTMT və Rusiyanın proseslərə birbaşa və hərbi yolla müdaxiləsi qeyri-mümkün idi".

  Q.Hüseynlinin fikrincə, Ermənistan baş naziri Fransa başda olmaqla Qərb ölkələrinin cənginə düşüb: 

"İrəvan hökuməti qərbyönlü siyasətə üstünlük verir və bu istiqamətdə Qərb ölkələri Paşinyanı xeyli şirnikləndirirlər. Avropa dövlətləri Paşinyanın bütün fikirlərini təsdiqləyir, iddialarına dəstək verirlər. Hətta Ermənistanı NATO-ya qəbul edəcəkləri ilə bağlı yalan vədlər də verirlər. Ermənistan isə yeni qucaq axtarışındadır. Məqsəd "tərəfdaş" adı ilə yeni himayədar və maliyyə dəstəkçisi əldə etməkdir. Ona görə də Nikol Paşinyan Rusiya ilə bütün münasibətləri məhv etmək xətti seçib. Ermənistan hökuməti Rusiyanın ölkədən və Cənubi Qafqazdan çıxarılması istiqamətində birmənalı mövqe tutub".